Konqo Demokratik Respublikasında Ebola epidemiyası genişlənir: Beynəlxalq tərəfdaşlar hərəkətə keçdi

Konqo Demokratik Respublikası (KDR) sürətlə yayılan Ebola epidemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq tərəfdaşlarla birlikdə mübarizə tədbirlərini maksimum dərəcədə gücləndirib.

ELAZ.INFO xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus vəziyyətlə yerindəcə tanış olmaq və dəstək göstərmək məqsədilə ölkənin paytaxtı Kinşasaya gəlib. Baş direktor epidemiyanın episentri hesab olunan şərqi İturi əyalətinin paytaxtı Bunia şəhərinə səfər edəcəyini bildirərək, bu epidemiyanın “çox mürəkkəb” xarakter daşıdığını vurğulayıb. KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə artıq 1077 şübhəli Ebola halı, 121 təsdiqlənmiş yoluxma və 238 şübhəli ölüm qeydə alınıb.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya isə bu böhranı “regional epidemiya” kimi qiymətləndirib. Çünki artıq qonşu Uqandada da 8 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb və daha 11 ölkə yüksək yoluxma riski altındadır. Hazırda aktiv fazada olan epidemiyada yoluxma sayının artması rəsmi qurumların xəstələrlə təmasda olanları ciddi şəkildə təqib və izolyasiya etməyə başlaması ilə əlaqələndirilir. Bu böhran, 1976-cı ildən bəri KDR-də baş qaldıran 17-ci Ebola epidemiyasıdır. Epidemiyaya səbəb olan “Bundibugyo” ştamı üçün hazırda heç bir lisenziyalı vaksin və ya xüsusi müalicə metodu mövcud deyil.

Buna baxmayaraq, KDR-in Səhiyyə naziri Rocer Kamba qeyd edib ki, peşəkar və standart klinik qulluq düzgün tətbiq edildikdə insanların həyatını xilas etmək mümkündür. Artıq İturi bölgəsində ilk xəstənin tam sağalması həkimlərdə böyük ümid yaradıb. ÜST rəsmiləri isə yeni peyvənd və müalicə üsullarının kliniki sınaqlarını sürətləndirmək üçün tərəfdaşlarla işlədiklərini, lakin bunun üçün bir neçə ay vaxt lazım olduğunu bildiriblər.

Bəzi ölkələrin epidemiya bölgəsindən gələnlərə səyahət məhdudiyyətləri qoymasına münasibət bildirən Tedros Qebreyesus, ÜST-nin bu addımı dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür qadağalar virusun yayılmasını cəmi bir neçə gün gecikdirə bilər, lakin əsas problemi həll etmir. Əksinə, belə sanksiyalar ölkələri xəstəlik barədə vaxtında məlumat verməkdən çəkindirə və şəffaflığa zərbə vura bilər.\

Ərazidəki digər ciddi problem isə yerli əhali arasında yayılan yalan məlumatlar (dezinformasiya) və tibb müəssisələrinə qarşı inamsızlıqdır. İturi əyalətinin qubernatoru Conni Luboya bəyan edib ki, məhz yanlış məlumatlar səbəbindən yerli sakinlər bəzi xəstəxanalara və tibb işçilərinə hücumlar təşkil edirlər. ÜST rəhbəri bu inamsızlığın aradan qaldırılması üçün yerli adət-ənənələrə hörmətlə yanaşılmasının və icmalarla şəffaf iş aparılmasının vacibliyini diqqətə çatdırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın