ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan–Latviya biznes forumunda söyləyib ki, “Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.
İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır”.
İstər yerli, istərsə də xarici investorlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir. Biz strateji plana əsaslanaraq borclanmadan asılılığımızı tədricən azaltdıq. Bu gün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq”.
Prezident qeyd edib ki, “Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfra endirə bilərik.
Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. İnvestisiya prioritetləri aydındır. Biz bunu artıq qismən müzakirə etmişik və müzakirə etməyə davam edəcəyik”.
elaz.info
