Kərim Şükürov: -“Arxeoloq mütəxəssislərə ciddi ehtiyac var”

ELAZ.İNFO xəbər verir ki, AMEA Arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış tədbirini keçirib.

Tədbirdə AMEA–nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək arxeologiya sahəsində son illərdə müşahidə olunan müsbət tendensiyalara diqqət çəkib. O bildirib ki, “Nümayiş olunan filmdən aydın olur ki, əvvəlki illərlə müqayisədə qadın arxeoloqların sayının artıb və bu da təqdirəlayiq haldır”. 

Daha sonra professor K.Şükürov söyləyib ki, “Biz Arxeologiya və Antropologiya İnstitutunun rəhbəri ilə dəfələrlə xarici səfərlərdə olarkən Azərbaycan Arxeologiya və Antropologiya İnstitutuna necə yüksək qiymət verildiyinin şahidiyəm və bu, məni sevindirir”.

Professor K.Şükürov direktoru olduğu Tarix və Etnologiya İnstitutu ilə Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlığı mövzusuna toxundu. Yunan və Roma müəlliflərinin Qafqaz Albaniyası tarixinə dair verdiyi məlumatlarda təhriflərin mövcud olduğunu qeyd edən alim ən qədim dövrlərdən son orta əsrlərə qədər şəhər mədəniyyətinin öyrənilməsinin arxeoloqların iştirakı olmadan mümkün olmadığını bildirib. Bu sahədə kadr məsələsinə də toxunan professor Kərim Şükürov qeyd edib ki, Tarix və Etnologiya İnstitutunda, xüsusilə Qədim dövr tarixi şöbəsində arxeoloq mütəxəssislərə ciddi ehtiyac var.

“Azərbaycanın arxeoloji xəritəsinin hazırlanmasının vacibliyini qeyd etmək istərdim, əhalinin məskunlaşması, mədəniyyətin yayılması və tarixi proseslərin elmi şəkildə təhlili üçün bu kimi xəritələr mühüm əhəmiyyət daşıyır” – deyə professor Kərim Şükürov vurğulayıb.

Yaxın vaxtlarda bircildlik “Azərbaycan tarixi” kitabının hazırlanaraq çap olunacağını söyləyən direktor bu nəşrin Azərbaycan elminə ciddi töhfə verəcəyinə əminliyini ifadə edib. Professor Kərim Şükürov Azərbaycan tarixinin formalaşmasının bilavasitə arxeoloji tədqiqatlara əsaslandığını söyləyib.

Professor Kərim Şükürov vurğulayıb ki, “Biz Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq etməkdən məmnunuq və bu əməkdaşlıq davam edəcəkdir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın