İyun ayının sürprizləri iyul ayına hazırlıqdır

ELAZ.İNFO xəbər verir ki, iyun ABŞ-da siyasi və siyasiləşdirilmiş tədbirlər ayıdır.

11 iyun. Futbol üzrə Dünya Çempionatının başlanması. Tramp bu hadisəni özünün və partiyasının ən möhtəşəm reklamına çevirmək istəyir. Düzdür, DÇ 3 ölkədə (ABŞ, Kanada və Meksika) keçiriləcək, lakin əsas yük ABŞ-ın üzərinə düşəcək:

Oyunların keçiriləcəyi 16 şəhərdən 11-i ABŞ-da yerləşir – Nyu-York, Mayami, Dallas, Los-Anceles, Atlanta, Sietl, San-Fransisko, Hyuston, Filadelfiya, Kanzas-Siti, Boston;

-104 oyundan 78-i ABŞ-da keçiriləcək.

DÇ-yə görə ABŞ-a yüz minlərlə turist gələcək. Bu ABŞ-ın idman, istirahət, əyləncə və nəqliyyat infrastrukturu üçün böyük test olacaq.

14 iyun. ABŞ-da Bayraq günü və Trampın 80 illik yubileyi. Tramp bu günü təntənə ilə qeyd etməklə yanaşı Ağ Evin həyətində UFC turniri (qladiator döyüşləri) keçirtməyi planlaşdırıb. Bununla əlaqədər Ağ Evin həyətində xüsusi arka da quraşdırıb və onu Eyfelin taleyi ilə müqayisə edib. Tramp bu tədbirdən özünəməxsus şəkildə əsl şou düzəltmək istəyir. Artıq bir təşkilat həm Ağ Evin həyətində əlavə qurğuların quraşdırılmasının, həm də UFC döyüşlərinin keçirilməsinin qanunsuz olması barədə məhkəmədə iddia qaldırıb – tədbirədək məhkəmə Trampın kefinə soğan doğramasa yaxşıdır.

17 iyun. Direktoru yeniləndikdən sonra FRS-in ilk iclası. Bu iclasda uçot dərəcəsinə (UD) baxılacaq. Tramp çox istəyir ki, UD endirilsin – əvvəlki direktorla davası da bunun üstündə idi. Yeni direktor Kevin Uolşun namizədliyini Tramp təklif edib. Uolş – məşhur kosmetika imperiyası “Este Lauder”in sahibi Ronald Lauderin qızı Ceyn Lauderin həyat yoldaşıdır. Ronald Lauder Trampın yaxın dostu və donoru, Ümumdünya Yəhudi Konqresinin prezidentidir. Lakin ABŞ-dakı vəziyyət Uolşu UD-ni nəinki azaltmağa, əksinə – artırmağa məcbur edə bilər. Azaldarsa – ölkədə inflyasiya sürətlənəcək, artırarsa – Trampı qəzəbləndirəcək (seçkiqabağı ona böyük zərbə olacaq) və ölkədə iqtisadi aktivlik azalacaq. Tramp, iş adamları və bütün dünya səbirsizliklə və həyacanla FRS-in qərarını gözləyirlər.

18-21 iyun. US Open Golf turniri keçiriləcək. Amerikada, xüsusən də Tramp tərəfindən çox sevilən böyük idman tədbiridir. Milyonlarla adam 4 saat ərzində bir-iki adamın tələsmədən çəmənlikdə hərəkət etməsinə tamaşa edəcək.

19 iyun. Juneteenth – Quldarlığın ləğvi bayramı. Bu gün, yəqin ki, demokratlar küçələri nümayişçilərlə dolduracaqlar. “No kings” etirazlarının davamı eyni zamanda antirasizm tədbirlərinə çevriləcək.

25 iyun. NBA Draft – ABŞ-da yeni milli ayin. Amerika basketbolunun gənc ulduzlarının əsas günü: yeni nəhəng kontraktlar, klublar arasında transferlər, şoular, gənc istedadların tanıdılması və s.

Bundan sonra isə iyul ayı öz tədbirləri ilə gəlir.

Bu aylar Trampın İranla məşğul olmağa vaxtı qalmayacaq. O tezliklə İranla 60 günlük atəşkəs müqaviləsi bağlamaq istəyir ki, Hörmüz boğazı açılsın, neftin qiyməti düşsün və o, tədbirlərini istədiyi kimi keçirə bilsin.

Amma belə görürəm ki, İranın iyun-iyul aylarına Tramp üçün özəl sürprizləri var.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın