Dünən səhər təndir çörəyi almağa getmişdim. İki çörək götürməli idim. Evdən ayaqla təxminən 15 dəqiqəlik məsafədə yerləşən təndirxanaya çatanda məlum oldu ki, kartla ödəniş mümkün deyil. Üstümdə isə cəmi bir manat və bir 100 avroluq əskinaz var idi.
Satıcıya dedim ki, bir manatı indi verim, iki çörəyi götürüm, digər bir manatı isə nahardan sonra evdən çıxanda gətirib ödəyərəm. Razılaşmadı. Sonra 100 avroluq əskinazı göstərdim. Dedi:
-“Bunu burada qoyun, bir manatı gətirəndə 100 avronu da götürərsiniz.”
Razılaşdım, iki çörəyi götürüb evə qayıtdım.
Təxminən iki saat sonra Binə Ticarət Mərkəzinə getdim. Bir kondisioner almağı planlaşdırmışdım. Əslində evə daha üç kondisioner də lazım idi. Söhbət zamanı bunu satıcıya bildirdim. Bir kondisionerin ödənişini etdim. Satıcı digər otaqların da ölçülərini soruşdu, mən də dedim. O isə bildirdi ki, qalan üç kondisioneri də göndərəcək, ödənişini isə nə vaxt ehtiyac olsa, o zaman edə bilərəm. Sadəcə hesab nömrəsini verdi və dedi ki, imkan olan vaxt köçürərsiniz. Nə şəxsiyyət vəsiqəmə baxdı, nə ev ünvanımı soruşdu, nə də hər hansı bir təminat istədi.
Bir neçə saatın içində iki fərqli münasibət…
Bir yerdə bir çörəyin puluna görə etimad göstərilmədi, başqa bir yerdə isə minlərlə manatlıq mal heç bir sənəd və təminat olmadan etibar edildi.
Həyat belə təzadlarla doludur. Bu hadisə bir daha göstərdi ki, cəmiyyətimizdə inam və etimad hələ də yaşayır. Hətta bəzən düşündüyümüzdən də güclü yaşayır.
İnamsızlıq daha çox gözə dəyir, daha çox danışılır. Amma insanları bir yerdə saxlayan, münasibətləri ayaqda tutan məhz etimad və güvəndir.
Əlövsət ALLAHVERDİYEV
