İki il xarab olmayan çörək hazırlandı

Rusiya alimləri qida sənayesində inqilabi yeniliyə imza atıblar. Kosmonavtlar üçün hazırlanan xüsusi texnologiya əsasında yaradılan yeni çörək növü iki il ərzində təravətini və dadını itirmədən qala bilir.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Qida Konsentratı Sənayesi və Xüsusi Qida Texnologiyaları Elmi-Tədqiqat İnstitutunun kosmik qidalanma şöbəsinin rəisi Andrey Vedernikov məlumat verib.

Onun sözlərinə görə, bu layihə 1960-70-ci illərdə kosmonavtlar üçün hazırlanmış reseptlər əsasında, Rusiya Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. “Biz kosmos üçün nəzərdə tutulan texnologiyanı təkmilləşdirərək, saxlama müddəti 2 il olan çörək hazırladıq” – deyə Vedernikov Moskva Şəhər Dumasında keçirilən dəyirmi masada bildirib.

Qeyd olunub ki, kosmik texnologiyaların gündəlik həyata tətbiqi həm də tibb və şəhər iqtisadiyyatı üçün yeni həllər vəd edir. Bundan əlavə, yaxın gələcəkdə Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışan kosmonavtlar üçün xüsusi “pita” çörəklərinin də hazırlanması və göndərilməsi planlaşdırılır.

Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə uzunmüddətli ekspedisiyalar, fövqəladə hallar və uzaq bölgələrin qida təminatı üçün əvəzsiz rol oynaya bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights