“Atletiko” və “Arsenal” arasında bərabərlik: Madriddə penalti dramı

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında Madridin “Atletiko” komandası öz meydanında Londonun “Arsenal” klubunu qəbul edib. Gərgin keçən mübarizə qalib müəyyən edilmədən başa çatıb.

ELAZ.İNFO xəbər verir ki, Madriddə baş tutan görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Maraqlıdır ki, oyunda hər iki qol 11 metrlik cərimə zərbəsindən (penalti) vurulub. “Arsenal”ın heyətində 44-cü dəqiqədə Viktor Dyökereş hesabı açıb. “Atletiko” isə 56-cı dəqiqədə Xulian Alvaresin dəqiq penalti zərbəsi ilə bərabərliyi təmin edib. Alvares üçün bu, Çempionlar Liqasında 25-ci qol olub. O, bu göstəriciyə cəmi 41 oyuna çataraq Lionel Messinin (42 oyun) rekordunu qırıb və 25 qol həddinə ən tez çatan cənubi amerikalı futbolçu olub. Oyunun 81-ci dəqiqəsində hakim Danni Makkelinin “Arsenal”ın xeyrinə təyin etdiyi növbəti penalti qərarı VAR sisteminin müdaxiləsindən sonra ləğv edilib. Bu komandalar arasında cavab qarşılaşması mayın 5-də Londonda keçiriləcək. Cütün qalibi mayın 30-da Budapeştdə baş tutacaq finalda digər yarımfinalın — “Pari Sen-Jermen” (PSJ) və “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, ilk oyunda Paris təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnirin hazırkı çempionu PSJ-dir. Çempionlar Liqasında ən çox titul qazanma rekordu isə 15 dəfə ilə “Real Madrid”ə məxsusdur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights