Abdulrəşid Sadulayev ABŞ liqası ilə müqavilə bağlamasının səbəbini açıqladı

Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Abdulrəşid Sadulayev Amerikanın “Real American Freestyle” (RAF) liqası ilə müqavilə imzalamasının pərdəarxası məqamlarına aydınlıq gətirib. İdmançının əsas məqsədi heç də yalnız yarışmaq deyil.

ELAZ.İNFO xəbər verir ki, rusiyalı güləşçi TASS-a verdiyi müsahibədə bu addımı həm də ABŞ vizası almaq üçün atdığını etiraf edib.

“Hamımız bilirik ki, gələn il Dünya Çempionatı, daha sonra isə Olimpiya Oyunları Amerikada keçiriləcək. Mənim hələ ki vizam yoxdur. Onu almaq istəyirəm və RAF ilə müqavilə bağlamaq bu yolda atılan addımlardan biridir” – deyə Sadulayev bildirib. Sadulayev bu qərarın Rusiya Güləş Federasiyası və şəxsən Mixail Mamiaşvili ilə razılaşdırıldığını vurğulayıb: “Bu qərar ətrafında çox səs-küy yarandı, amma mən hər şeyi düzgün etdiyimi düşünürəm. Əsas vəzifə RAF çərçivəsində viza məsələsini həll etməkdir”.

Qeyd edək ki, RAF Amerikanın güləş təşkilatıdır. Sadulayev bu liqada debütünü may ayında Bəhreyndə keçirilməli olan turnirdə etməli idi, lakin yarış ləğv olunub. 2028-ci il Yay Olimpiya Oyunları 14-30 iyul tarixlərində Los-Ancelesdə keçiriləcək. Görünən odur ki, dünya şöhrətli güləşçi artıq indidən karyerasının ən vacib turnirləri üçün hüquqi bazanı hazırlamağa başlayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights