Azərbaycan və Macarıstan arasındakı mədəni əlaqələr yeni və maraqlı bir layihə ilə daha da dərinləşir. Hər iki ölkənin Mədəniyyət nazirlikləri və Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı ölkəmizdə genişmiqyaslı çəkilişlərə başlayıb.
ELAZ.İNFO xəbər verir ki, layihə çərçivəsində beynəlxalq səviyyədə tanınmış saksofonçu Balint Barsoninin rəhbərlik etdiyi ansambl ilə Azərbaycanın tanınmış muğam ustaları — Xalq artisti Mənsum İbrahimov və Kamilə Nəbiyeva arasında yaradıcı əməkdaşlıq qurulub. Bu əməkdaşlığın əsas qayəsi türk-macar mədəni irsinin izlərini müasir musiqi dili ilə yenidən canlandırmaqdır.
Yaradıcı heyət artıq “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyaları üçün videoçarxlar hazırlayıb. Çəkilişlər Azərbaycanın rəmzi sayılan məkanlarda — Qız Qalası, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, həmçinin Beşbarmaq dağı və Xəzər dənizi sahillərində lentə alınıb.
Məlumat üçün bildirək ki, 2014-cü ildə yaradılan “Macar Rapsodiya Layihəsi” indiyədək Almaniya, Çin, Türkiyə və Qazaxıstan kimi ölkələrdə çıxış edərək qohum xalqlar arasında mədəni dialoq platforması kimi tanınıb. Kollektivin Bakı səfəri çərçivəsində Beynəlxalq Muğam Mərkəzində möhtəşəm konserti də baş tutub.
Ruslan MƏMMƏDOV
