“İran və İsrail Şəbəkələri Azərbaycan-Türkiyə Münasibətlərinə Nifaq Salmaq Üçün Şərq-Qərb Və Məzhəb Təxribatlarına Əl Atırlar”


Politoloq Tural İrfan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə xələl gətirmək məqsədilə xarici kəşfiyyat və təsir şəbəkələrinin intensivləşən pozuculuq fəaliyyəti ilə bağlı geniş analitik bəyanatla çıxış edib.
ELAZ.İNFO xəbər verir ki, politoloq açıqlamasında medianın və sosial şəbəkələrin ideoloji poliqona çevrilməsi təhlükəsinə diqqət çəkərək, Səfəvi-Osmanlı qarşıdurması və Çaldıran döyüşü kimi həssas mövzuların məqsədli şəkildə gündəmə gətirilməsini xarici təhdidlərin tərkib hissəsi kimi qiymətləndirib. Türkiyə-Azərbaycan münasibətlərinə və Türk birliyinin mənəvi ruhuna xələl gətirmək istəyən qüvvələr həm Azərbaycanda, həm də Türkiyədə aktivləşiblər. İran və İsrailə bağlı şəbəkələr ortaq tariximizdəki klassik ziddiyyətləri, bir-biri ilə savaşmış tarihi şəxsiyyətləri, Səfəvilər mövzusunu qabardır, Osmanlı sultanlarını təhqir edərək ədavət yaradırlar. Məsələn, bir professorun “Növbəti Çaldıranda Qızılbaşların qələbəsi” elan etməsi xalqı məzhəb baxımından ikiyə bölmək cəhdidir.
BMT Baş Assambleyasında İsrail Baş nazirinin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin davranışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır. Azərbaycanın mövqeyi bəllidir və BMT qətnamələrinə uyğun olaraq Fələstin dövlətinin yaranmasını dəstəkləyir. İclas zalını tərk edənlər heç bir reallığı dəyişməyib, əksinə, həlledici platforma ortaya qoya bilmədikləri üçün bu addım acizliyin nümayişi olub.
İran və İsrailin Yaxın Şərqdəki hədəfləri əslində bir-birini tamamlayır. İki dövlətin dini-ideoloji sistemi dini fanatizmə dayanır; biri Maşiaxı, digəri Mehdini gözləyir. Onlar rəqabət zəminində güclənərək Türk, ərəb və ümumilikdə İslam birliyinə qarşı fərqli cəbhələrdə mübarizə aparırlar. İsrail rəsmilərinin “İrandan sonra hədəfimiz Türkiyədir” mesajı əslində yeganə hədəfin Türkiyə və Türk Dövlətləri Təşkilatı olduğunu gösterir. Nəticə etibarı ilə İranla İsraili Türk birliyinə qarşı olmaq ideyası birləşdirir.
Tural İrfan xarici təhdidlərə qarşı ayıq-sayıq olmağa çağıraraq bildirib: “Türkiyə-Azərbaycan arasında suyu bulandırmaq istəyənlərə qarşı ayıq-sayıq olmalı, ortaya atılan təxribatlara uymamalıyıq”.
Ruslan MƏMMƏDOV





