Azərbaycan Nümayəndə Heyətinin BMT-də Zalı Tərk Etməməsi Dövlət Maraqlarımızın Və Milli Yaddaşımızın Təzahürüdür”

29.09.2026

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi bəzi maraqlı qüvvələr tərəfindən xüsusi şəkildə tirajlanaraq Azərbaycanı ittiham etmək, ölkənin xarici siyasət kursunu şübhə altına almaq və Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərində müəyyən ziddiyyətlər yaratmaq cəhdidir.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Vüqar Dadaşov geniş analitik məqaləsində bildirib. Partiya rəsmisi məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycanın İsrail, İran, İsrail-Fələstin və İsrail-Türkiyə münasibətlərinə dair mövqeyi emosional deyil, dövlətin milli maraqlarına və uzunmüddətli strateji prioritetlərinə əsaslanan xarici siyasət xəttidir: “Azərbaycanın bu qarşıdurmalarda konkret dövlət maraqlarına uyğun formalaşmış mövqeyi mövcuddur və bu mövqe hər hansı başqa dairənin, siyasi qüvvələrin gözləntisi, ictimai emosiyası və ya sosial şəbəkələrdə formalaşdırılan təzyiq əsasında dəyişdirilə bilməz. Bu, məsələnin birinci və əsas tərəfidir: Azərbaycan nümayəndə heyətinin davranışı dövlət siyasəti və milli maraqlar kontekstində qiymətləndirilməlidir”.

Vüqar Dadaşov vurğulayıb ki, məsələnin ikinci tərəfi Azərbaycanın milli mentaliteti, siyasi-mədəni yaddaşı və dostluq münasibətlərinə yanaşması ilə bağlıdır: “Azərbaycan xalqının milli xarakterində dostu dost, düşməni düşmən kimi qəbul etmək, xüsusilə də çətin günlərdə yanında olmuş tərəfə qarşı sədaqəti qorumaq mühüm mənəvi-siyasi dəyər kimi formalaşıb. Azərbaycan üçün dostluq yalnız əlverişli şəraitdə mövcud olan münasibət deyil; əsl dostluğun mahiyyəti məhz mürəkkəb və çətin məqamlarda ortaya çıxır.

Digər tərəfdən, Azərbaycan ərazilərini işğal edib, az qala 30 il işğalda saxlayan, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən Ermənistan liderləri Koçaryan və Sarkisyanın BMT-nin ali kürsüsündən çıxışı zamanı hansı türk-müsəlman dövləti işğala, Xocalı qətliamına etiraz əlaməti olaraq zalı tərk edib? Heç biri. İndi Azərbaycanı müsəlman həmrəyliyində ittiham etmək heç bir əxlaq normasına sığmır”. MCP başqan müavini əlavə edib ki, bu baxımdan Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi yalnız diplomatik davranış kimi deyil, həm də etibarlılıq, milli yaddaş, sədaqət və dostluq münasibətlərinə hörmətin ifadəsidir: “Azərbaycan ən çətin dövrlərində yanında olmuş dostlarının göstərdiyi siyasi və mənəvi dəstəyi unutmayan dövlət kimi çıxış edir. Bu, hər hansı dövlətə qarşı yox, öz münasibətlərinə və siyasi yaddaşına sadiq qalmaq məsələsidir. Ən əsası isə, Azərbaycanın dövlətlərarası gələcək münasibətlərinə ehtimad bazasını möhkəmləndirir, yeni müttəfiqlik baxışları formalaşdırır.

Azərbaycanı beynəlxalq arenada xüsusi nüfuz və söz sahibi edən məhz xarici siyasətinin əsas xüsusiyyəti müxtəlif geosiyasi maraqların kəsişdiyi mürəkkəb şəraitdə milli maraqları qorumaq, müstəqil qərar qəbul etmək və strateji tərəfdaşlıqlar arasında tarazlığı qorumaq bacarığıdır. Azərbaycanın mövqeyi də məhz bu iki prinsipin — dövlət maraqları və milli xarakterin kəsişməsində formalaşır”.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁13