“Bu Sadəcə Sosial Cinayət Deyil, Vətənə Xəyanətdir!”


Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilat sədri Ruslan Məmmədov Azərbaycanın təhsil sistemində kök salmış “test monopoliyası”, yeni tədris ilində də dərinləşən köməkçi vəsait bəlası və bu sistemin cəmiyyətdə yaratdığı mənəvi aşınmalarla bağlı geniş analitik məqalə ilə çıxış edib.
ELAZ.İNFO xəbər verir ki, partiya rəsmisi təhsil sahəsindəki mövcud vəziyyəti kəskin tənqid edərək, hər il eyni problemlərin qabardılmasına baxmayaraq, sanki tənqidçilərin və millətin acığına bu qanunsuzluqların və standartdankənar sistemin daha da leqallaşdırıldığını vurğulayıb. Tədris ilinin yeni başlamasına baxmayaraq, artıq bir ibtidai sinif şagirdinə belə 4 və ya daha artıq əlavə vəsait aldırılır. Bu da ümumilikdə ailə büdcəsinə təxminən 100 manat civarında əlavə xərc deməkdir.
Ruslan Məmmədov məsələnin kökündə duran qaranlıq məqamları açıq şəkildə sorğulayır: “Sual yaranır: özəl nəşriyyatlar Təhsil Nazirliyindən çoxmu bilirlər? Yoxsa bu kitabların çapına nazirliyimizin maliyyə vəsaiti çatmır? Yoxsa bu, toxunulması qadağan olunmuş bir mafiya, yoxsa oturuşmuş bir şəbəkədir?”
Dərsliklərin İçi Qəsdən Boşaldılır: Dövlətin hər il milyardlarla vəsait ayıraraq çap etdirdiyi dərsliklər şagirdə imtahan üçün lazım olan biliyin cəmi 20 faizini verir və vizual “bəzək” rolunu oynayır. Salyanın və digər rayonların kəndlərindəki valideynlər də bilir ki, dövlət kitabı ilə uşaq nə Sınaqdan, nə də KSQ-dən keçə bilər. Proqram dərslikdə deyil, kənardakı “test sənayesi”ndədir. 3-4 əsas fənn üzrə test və köməkçi vəsaitlər ailə büdcəsinə ağır yük olur, repetitor xərcləri isə bu rəqəmi fantastik həddə çatdırır. Kənd sakini üçün bu vəsaiti qazanmaq və həmin kitabları almaq üçün şəhər mərkəzlərinə üz tutmaq böyük əziyyətdir. Elektron resursların “müəllif hüququ” bəhanəsi ilə gizlədilməsi isə maariflənməyə qoyulan rəsmi səddir.
Uğursuz “Kurikulum” Eksperimenti: Amerika istehsalı olan və ABŞ-nin bir çox ştatında hələ də rədd edilərək pilot layihə statusunda qalan bu sistem bizdə məcburi tətbiq olunur. Nəticədə uşaqların çantasının ağırlığı öz çəkilərini keçir, beyinləri isə lazımsız test yığınları ilə robotlaşdırılır.
“Uşaqların Səssiz Fəryadı” Və Mənəvi Aşınma: Maddi çətinliyi dərk edən istedadlı uşaqlar valideynlərinə yük olmamaq üçün test və sınaqlardan yayınıb həm ailələrinə, həm də müəllimlərinə yalan danışmağa məcbur qalırlar. Dürüst vətəndaş yox, mənəviyyatı sınıq bir nəsil yetişdirilir.


Milli Cəbhə Partiyası Və Ruslan Məmmədovdan Təkliflər Paketi:
- Dərsliklərin Bütövlüyü: Dövlət dərslikləri imtahan bazasını 100% əhatə etməli, əlavə vəsait və test kitabı ehtiyacı kökündən aradan qaldırılmalıdır.
- Elektron Əlçatanlıq: Bütün KSQ, BSQ və sınaq testləri nazirliyin rəsmi saytında ödənişsiz, açıq PDF formatında yerləşdirilməlidir.
- Mənəvi Mühitin Qorunması: Məktəblərdə pullu vəsait təbliğinə və satışına son qoyulmalı, təhsil imkanlı ailələrin lüksü deyil, hər bir uşağın konstitusion haqqı olmalıdır.
Ruslan Məmmədov vurğulayır ki, süni intellektin dünyanı fəth etdiyi bir dövrdə Azərbaycan şagirdi kağız və nəşriyyat monopoliyasının qurbanı olmamalıdır.





