Hörmüz boğazında blokada sərhədlər təyin edildi

Tramp Hörmüz boğazından azad keçidin təminatı üzrə “Azadlıq Layihəsi”ni, CENTCOM bu layihəyə hansı hərbi qüvvələri cəlb etdiyini elan edəndən sonra amerikalılar yenidən İranın əzmini sınamaq istədiər. Bunun üçün Oman və BƏƏ sahilləri üzrə boğaza doğru 2 esmines göndərdilər. Buna yol verməmək üçün İran sürətli katerlərlə onlara boğaza yaxınlaşmamaq barədə xəbərdarlıq etdi. Gəmilərin əhəmiyyət vermədiyini görəndən sonra isə onlara tərəf 2 raket buraxdı – raketlər gəmilərin yaxınlığında partladı. İran bununla 2-ci, daha ciddi xəbərdarlığını göndərdi – yəni gəmilərin Hörmüz boğazına yox, Oman körfəzinin dibinə səyahətə getməsi daha realdır. Bundan sonra ABŞ gəmilərini geri qaytardı.

Bu hadisədən dərhal sonra İran aşağıdakı xəritəni paylaşaraq, blokadada saxladığı su zonanın sərhədlərini göstərdi. Yəni heç bir gəmi həmin zonaya İrandan icazəsiz girməməlidir. Bu isə o deməkdir ki, bundan sonra ABŞ və digər ölkə gəmiləri İrandan icazəsiz Oman körfəzinə (bir hissəsinə) də girə bilməzlər. Xəritədə blokada zonasının şərq sərhədlərinə fikir verin: BƏƏ-nin Fujeyra terminalı İranın blokada zonasına düşür. Bu təsadüfi deyil.

BƏƏ-nin Fujeyra terminalına alternativ neft kəməri var. Kəmərin gücü sutkada 1,8 mln bareldir. Təbii ki, terminalda doldurulan tankerlər Hörmüz boğazından keçmədiyinə görə, İran nəzarətindən kənarda idilər. BƏƏ OPEC-dən çıxdığını və heç bir hasilat və ixrac kvotasını gözləməyəcəyini bəyan edib. Qərb bütün vasitələrlə BƏƏ-də neft-qaz hasilatını və ixracını artırmağa çalışır ki, neft-qaz qiymətlərini endirə bilməsə belə daha da yüksəlməsinə mane olsun. BƏƏ-ni müdafiə etmək üçün İsrail “Dəmir qübbə” sistemini ilk dəfə xarici ölkəyə – BƏƏ-yə təqdim edib. Hazırda bu sistemin quraşdırılması üzrə işlər gedir. Sistem İsrail hərbçiləri tərəfindən işlədiləcək. Yazılmasa da, yəqin ki, İsrail BƏƏ-də İrana qarşı hücum sistemləri də yerləşdirir.

Tələbinin ciddi olduğunu göstərmək üçün İran xəritəni paylaşdıqdan və gəmilərin blokada zonasını tərk etməsini elan etdikdən sonra ona əməl etməyən bir gəmiyə Fars körfəzində, bir gəmiyə də Oman körfəzində zərbə endirdi. Bu zaman Fuceyra terminalından uzaqlaşmağa çalışan neftlə dolu tanker zərbə aldı. Digər zərbəni İran terminalda yenicə neftlə doldurulmuş çənə endirdi. Partlayış nəticəsində çən məhv edildi, neft yandı.

Bu hadisə BƏƏ-nin, İsrailin və ABŞ-ın qəzəbinə səbəb oldu. Dünən Tramp qarışıq hamısı “od püskürürdülər”, Tramp yenidən İranı “xəritədən silirdi”, İsrail gecə hücum edəcəyi ilə hədələyir və BƏƏ isə az qala İrana müharibə elan edirdi. Səhərəcən gözlədim və… hədələrin sosial şəbəkələrdən uzağa getmədiyini gördüm.

İran isə blokada sərhədlərini təyin etdi və ABŞ-ı ona riayət etməyə məcbur etdi.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights