Ukraynadan yayımlanan bir videonu izləyirəm. Videoda əlləri arxadan bağlanaraq döyülən Ukrayna ordusunun 15-ci əlahiddə mexanikləşdirilmiş briqadasının əsgəri Sergey Malenkodur. Onu döyən deyir:
-“Sən şturmoviksən, komandirə həyatını borclusan, onun ayaqlarını öpməlisən!”
Video yayılanda yazırdılar ki, döyən şəxs onun komandiridir. Sonra ordu rəsmiləri bildirdilər ki, o, komandir deyil, “adi əsgər” – PUA operatorudur. Guya Malenkonu döyəndən sonra hərbi hissədən qaçıb (yəqin ki, pressadan gizlədirlər). Lakin adını yazmırlar. Məqsəd aydındır: guya belə cəzalandırma sistem deyil, hansısa bir əsgərin özfəaliyyətidir.
Ola bilər, həmin şəxs komandir deyil. Lakin komandirin tapşırığı olmasaydı, o digər əsgərləri sıraya düzüb, Sergeyin əllərini arxadan bağlatdırıb, onların qarşısında nümayişkaranə şəkildə döyə bilməzdi.
Özü də, məncə, Malenko təsadüfi seçilməyib. O, kiokuşinkay karate üzrə Ukrayna çempionudur. Fb səhifəsində axırıncı şəklini 25 apreldə yerləşdirib. Həmin vaxt o, müharibədə olmayıb. Görünür, Sergey bu günlərdə “oğurlanaraq” orduya gətirilib və idmançı olduğuna görə dərhal (hazırlıq keçmədən) ən təhlükəli bölməyə – şturmovik bölməsinə təyin olunub. Təbii ki, heç kim bu bölmədə olmaq istəməz – burada ölmək ehtimalı 90%-dir. Yəni əsgərlər (ola bilər, hamısı yeni əsgərlərdir) arasında ən güclüsünü seçib sındırırlar ki, digərlərinə dərs olsun – heç kim komandirin əmrinə qarşı çıxmasın.
Maraqlı detal: rus dilində danışırlar. Mova (ukraun dili) uğrunda mübarizə aparan guya millətçilər, o cümlədən Zelenski və onun bütün bandası öz aralarında rus dilində danışırlar (NABU-nun gizli izləmə videoyazılarında hamısı yalnız rusca danışır).
İnsanların orduya “oğurlanması” isə “demokratik” Ukraynada adi haldır.
Həmin statusun şərhlər bölməsində yüzlərlə dövlət banditizmi nümunələri ilə tanış ola bilərsiniz. Avropa “demokratları” və insan haqları “müdafiəçiləri” bütün bu vəhşiliklərə nəinki göz yumurlar, buna maliyyə, təşkilati və texniki dəstək verirlər: onlar üçün ukrayn və ya rus – fərqi yoxdur, təki bir-birini qırsınlar.
Asif ŞƏFƏQQƏTOV
