General Motors Avropada İnqilab Edir

17.11.2026

Amerikanın avtomhəhəngi General Motors (GM) sürücülük təcrübəsini tamamilə dəyişəcək yeniliyə imza atır. Şirkətin məşhur əllərsiz (hands-free) sürücülük dəstək sistemi olan Super Cruise dekabr ortalarından etibarən Avropada təqdim olunmağa başlayır.

ELAZ.INFO xəbər verir ki, bu yeniliklə sürücülərə Avropanın 16 ölkəsində minlərlə kilometr məsafədə yarıavtomatlaşdırılmış sürüş imkanı qazandırılacaq. Yeni 2025 Optiq, həmçinin 2026 Lyriq və Vistiq elektrik krossoverləri ilin sonundan etibarən Avropanın 16 ölkəsində uyğun yollarda 180 min kilometrdən (111.000 mildən çox) çox məsafədə yarıavtomatlaşdırılmış şəkildə hərəkət edə biləcək. Sistemin ilk olaraq istifadəyə veriləcəyi ölkələr arasında Almaniya, Fransa və İsvirçə xüsusi yer tutur.

Artıq ABŞ, Kanada, Çin və Cənubi Koreyada uğurla tətbiq olunan Super Cruise öncədən xəritələşdirilmiş yollar, real vaxt rejimində işləyən kameralar, radar sensorları, GPS məlumatları və adaptiv kruiz-kontrol texnologiyasını birləşdirir. Avtomobil Mühəndisləri Cəmiyyətinin (SAE) təsnifatına görə 2-ci səviyyəli sürücü köməkçisi hesab edilən bu sistem avtomobili tamamilə muxtar (autonom) etmir. Yəni sürücü hər zaman yola diqqət yetirməlidir. Avtomobildəki xüsusi sürücü monitorinq sistemi sükan arxasındakı şəxsin ayıq-sayıq olmasını və lazım gəldikdə idarəetməni dərhal ələ ala bilməsini izləyir.

Sistem aktiv olarkən sükanın yuxarı hissəsində yaşıl işıq zolağı yanır. Avtomobil sürücünün sükuna və ya pedallara toxunmasına ehtiyac qalmadan zolağın mərkəzində qalır, öndəki nəqliyyat vasitəsi ilə məsafəni qoruyur. Hətta sürücü dönmə işarəsini (ötürücünü) aktivləşdirməklə zolaq dəyişmə manevrini də həyata keçirə bilir. Bu funksiya saatda 180 kilometrə qədər sürətlə, magistrallarda və ağır sıxlıqlı tıxac şəraitində istifadə oluna bilər.

Cadillac naviqasiya xəritəsinə Google Maps-i inteqrasiya edib ki, bu da sürücülərə Super Cruise-un hansı yollarda işlədiyini və səyahətin nə qədərini əllərsiz idarə edə biləcəklərini göstərir. GM nümayəndələri qeyd edirlər ki, sistem Avropanın qanunvericiliyinə və yol şəraitinə uyğunlaşdırılması üçün geniş performans testlərindən, regional marşrut yoxlamalarından və proqram təminatı yeniləmələrindən keçib. 2017-ci ildə təqdim olunandan bəri Super Cruise istifadəçiləri ümumilikdə bir milyard mildən çox əllərsiz sürücülük məsafəsi qət ediblər.

Ruslan MƏMMƏDOV

👁 240