Deputat Könül Nurullayevadan Növbəti Beynəlxalq Uğur:


Səudiyyə Ərəbistanının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib. Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva ölkəmizi bu möhtəşəm beynəlxalq platformada yüksək səviyyədə və fəallıqla təmsil edib.
ELAZ.İNFO xəbər verir ki, 10–14 sentyabr 2026-cı il tarixlərində keçirilən Baş Assambleyada İslam dünyasının müxtəlif ölkələrini təmsil edən Milli Olimpiya Komitələrinin prezidentləri və baş katibləri, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, beynəlxalq federasiyaların prezidentləri və digər mötəbər qonaqlar iştirak ediblər.


Məhsuldar fəaliyyəti ilə seçilən millət vəkili Könül Nurullayeva Assambleya çərçivəsində keçirilən “İdmanda İrəliyə Doğru” (“Forward Through Sports”) mövzusundakı seminarda yaxından iştirak edərək, İslam dünyasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində öz dəyərli töhfələrini verib. Deputat Könül Nurullayeva həmçinin Assosiasiyanın “Excel & Host: Road to Malaysia 2029” mövzusunda keçirilən ikinci seminarında iştirak edərək gələcək beynəlxalq idman tədbirlərinin təşkili, ev sahibliyi imkanları və təcrübə mübadiləsi üzrə vacib müzakirələrə qatılıb.
Könül Nurullayeva səfər çərçivəsində İslam Həmrəyliyi İdman Assosiasiyasının İcraiyyə Komitəsinin 45-ci iclasında və Baş Assambleyasında iştirak edərək təşkilatın qarşısında duran mühüm vəzifələrin həllində fəal mövqe nümayiş etdirib. Assambleya çərçivəsində Assosiasiyanın Prezidenti, eyni zamanda Səudiyyə Ərəbistanının İdman naziri Şahzadə Abdulaziz bin Turki AlFaisal AlSaud tərəfindən Könül Nurullayevaya İcraiyyə Komitəsinin üzvü kimi nümunəvi fəaliyyətinə görə xüsusi təşəkkürnamə təqdim olunub. Təqdimat zamanı dərin ehtiramını bildirən Könül Nurullayeva göstərilən etimada görə Assosiasiyanın rəhbərliyinə minnətdarlığını ifadə edib. Tanınmış deputat bu təltifi yalnız şəxsi fəaliyyətinə verilən qiymət kimi deyil, dostluq, qardaşlıq və həmrəylik prinsipləri əsasında çalışan böyük kollektivin birgə əməyinə verilən daimi dəyər kimi qəbul etdiyini vurğulayıb.
Könül Nurullayeva qeyd edib ki, İslam dünyasında idman vasitəsilə əməkdaşlığın, dostluğun və həmrəyliyin daha da gücləndirilməsinə töhfə vermək böyük şərəf və məsuliyyətdir. Onun sözlərinə görə, üzv ölkələrin bir araya gəldiyi bu kimi platformalar idman sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və yeni təşəbbüslərin həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Səfər çərçivəsində xanım Nurullayeva və digər dəyərli qonaqlar Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Vəliəhd və Baş nazirin himayəsi altında keçirilən “Crown Prince Camel Festival”ını da izləyiblər.
Ruslan MƏMMƏDOV





