Ukraynalı Uşaqların Növbəti Qrupu Reabilitasiya Üçün Bakıya Gəlib


Xarkovdan və Xerson vilayətindən olan 30 ukraynalı uşaqdan ibarət növbəti qrup psixoloji reabilitasiya və istirahət proqramında iştirak etmək üçün Bakıya gəlib.
ELAZ.İNFO xəbər verir ki, Bakıya gələn uşaqlar Rusiyanın davamlı atəşləri altında yaşayan, eləcə də hazırda cəbhədə olan hərbçilərin, hərbi əsirlərin və yaralanmış Ukrayna müdafiəçilərinin övladlarıdır. Məktəblilər Azərbaycanda olduqları müddətdə yüksək səviyyəli psixoloji reabilitasiya və sağlamlaşdırma proqramından keçəcək, mənzərəli dağlıq ərazidə yerləşən Qəbələ şəhərində istirahət edəcəklər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda uşaqları Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Yuriy Husyev, Milli Məclisin Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əlibala Məhərrəmzadə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qarşılayıblar. Müharibə başlayandan bəri artıq 692 ukraynalı uşaq Azərbaycanda istirahət etmək və reabilitasiya keçmək imkanı əldə edib.
Ukraynanın səfiri Yuriy Husyev göstərilən sarsılmaz qardaşlıq dəstəyinə və humanistliyə görə Azərbaycan Respublikasına səmimi təşəkkürünü bildirərək, bu addımı iki xalq arasındakı möhkəm strateji tərəfdaşlığın və dostluğun bariz nümunəsi kimi qiymətləndirib.
Ruslan MƏMMƏDOV





