Bel ağrıları ilə bağlı xəstəliklərin diaqnostikası təkmilləşdirilib

Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNIPU) mütəxəssisləri bel nahiyəsində yaranan ağrıların səbəbini daha sürətlə müəyyən etməyə imkan verən yeni diaqnostika metodu hazırlayıblar. Bu barədə məlumat ali məktəbin mətbuat xidməti tərəfindən yayılıb.

ELAZ.İNFO xəbər verir ki, təqdim olunan üsul həkimlərə bel ağrılarının erkən mərhələdə aşkarlanması üçün daha etibarlı alət qazandırır, düzgün diaqnozun sürətlə qoyulmasına və müalicəyə vaxtında başlanılmasına kömək edir. Bel ağrılarının ən çətin diaqnoz qoyulan səbəblərindən biri faset sindromudur. Bu, fəqərələri birləşdirən xırda oynaqların öz normal vəziyyətindən sürüşməsi (yarımçıxıq) halıdır. Belə pozuntu xüsusilə yerimə, oturma, əyilmə və ağırlıq qaldırma zamanı maksimum yükü öz üzərinə götürən belin ən aşağı şöbəsində tez-tez müşahidə olunur.

Hazırda ağrının mənbəyini təyin etmək üçün standart diaqnostikadan istifadə olunur: pasiyent kompyuter tomoqrafiyasından (KT) keçir, həkim isə alınan şəkilləri vizual qiymətləndirir. Lakin bu üsul oynaq kapsulunun vəziyyətini deyil, ilk növbədə sümük toxumasını (fəqərələri) göstərir. Üstəlik, oynaq sürüşməsi çox vaxt fəqərəarası disk yırtığı ilə müşayiət olunduğundan, şəkillər üzərində diaqnostika daha da çətinləşir.

PNIPU alimləri faset oynağının yarımçıxığını müəyyən etmək üçün ilk dəfə olaraq xüsusi üsul işləyib hazırlayıblar. Onlar oynaqların, fəqərələrin və fəqərəarası disklərin həndəsi quruluşu və ölçüləri barədə klinik məlumatları toplayaraq norma və patologiyanın rəqəmsal diapazonlarını əldə ediblər.

İşlənib hazırlanmış metod KT şəkilləri əsasında oynaqların parametrlərini ölçməyə, onları yaş norması ilə müqayisə etməyə və patoloji sürüşməni aşkar etməyə imkan verir. Yükün oynaq kapsuluna necə təsir etdiyini anlamaq üçün tədqiqatçılar bel-hərəkət seqmentinin virtual “L4-L5” modelini yaradıblar. Modelləşdirmə nəticələri ağrı mexanizmini izah etməklə yanaşı, onun yaranacağını proqnozlaşdırmağa da imkan verir. Bu isə konkret pasiyent üçün fərdi “dözümlülük həddini” hesablamağa şərait yaradır; yəni hansı yük zamanı kapsulun deformasiyasının kritik həddə çatacağı və sürüşmənin baş verəcəyi əvvəlcədən müəyyən edilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın