Rusiya yığmasının heyətində xokkey üzrə dünya çempionu və ikiqat Qaqarin Kubokunun qalibi Denis Kokarev Ukraynanın “Mirotvorets” internet resursunun məlumat bazasına daxil edilib. Bu barədə sözügedən saytda yerləşdirilən məlumatlar şəhadət verir.
ELAZ.İNFO xəbər verir ki, sabiq idmançıya qarşı Ukrayna tərəfindən ciddi ittihamlar irəli sürülüb. Ukrayna resursu rusiyalı hücumçunu konkret fəaliyyətlərdə təqsirli bilir: Denis Kokarev Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur. O, həmçinin xüsusi hərbi əməliyyatın keçirilməsinə açıq dəstək nümayiş etdirməkdə günahlandırılır.
Hazırda 40 yaşı olan Denis Kokarev peşəkar idmançı karyerasını 2023-cü ildə başa vurub. Tver xokkey məktəbinin yetirməsi olan hücumçunun idman keçmişi kifayət qədər zəngindir: Onun çıxış etdiyi sonuncu peşəkar komanda Belarusun “Dinamo-Molodeçno” klubu olub. Karyerası ərzində o, TXK, MXM (DİN) klubu, Moskva və Moskvaətrafı “Dinamo”, “Salavat Yulayev”, Maqnitoqorskun “Metallurq”, “Vityaz”, “Spartak” və “Tambov” kimi tanınmış komandaların şərəfini qoruyub. Kokarev 2011/12 və 2012/13 mövsümlərində Moskva “Dinamo”sunun heyətində iki dəfə Qaqarin Kubokunun qalibi olub. Rusiya milli komandası ilə isə 2012-ci ildə dünya çempionu titulunu qazanıb.
Ruslan MƏMMƏDOV
