Azərbaycanda “Uşaq Hüquqları Aylığı” Elan Olundu

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkədə 20 oktyabr – 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan olunması ilə bağlı ictimaiyyətə müraciət edib.
ELAZ.INFO xəbər verir ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində keçirilən bu təşəbbüsün əsas məqsədi uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirləri təbliğ etmək, ictimaiyyətin məlumatlılığını artırmaq və bu sahəyə diqqəti daha da gücləndirməkdir.Müraciətdə uşaq hüquqlarının qorunmasının dövlət siyasətində prioritet istiqamət olduğu vurğulanıb. Bildirilib ki, cari ildə “Uşaq hüquqları haqqında” Qanuna və digər normativ hüquqi aktlara dəyişikliklərin edilməsi, xüsusilə uşaqların sosial şəbəkə platformalarından istifadəsinə məhdudiyyətlərin müəyyən olunması müasir çağırışlara cavab verən mühüm hüquqi addımdır.
Bundan əlavə, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uşaqların təhlükəsiz, inklüziv və əlçatan mühitdə yaşaması baxımından xüsusi önəm kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə də bərpa-quruculuq işləri çərçivəsində uşaqlar üçün zəruri infrastruktur və xidmətlərin yaradılması davam etdirilir. Ombudsman aidiyyəti dövlət və yerli özünüidarə organlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumları “Uşaq Hüquqları Aylığı”na qoşulmağa çağırıb. Müraciətdə 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların fəal iştirakı təmin olunmaqla maarifləndirici və müdafiə yönümlü müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.




