ADY-dən Təhlükəli Ssenariyə Xəbərdarlıq

20.10.2026

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarların hərəkəti zamanı baş verən təhlükəli hallarla bağlı ictimaiyyətə və valideynlərə müraciət edib.

ELAZ.INFO xəbər verir ki, cari ilin 9 ayı ərzində ADY-nin sərnişin və yük qatarlarına hərəkətdə olarkən 26 dəfə daş atılması faktı qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu cür hadisələrin sayı 38% azalsa da, yaratdığı fesadlar və təhlükələr yüksək olaraq qalır. Qatarlara daş atılması aşağıdakı ağır nəticələrə səbəb olur:

Sərnişinlərin və qatar heyətinin həyat və sağlamlığı birbaşa təhlükə altına düşür;
Dövlət əmlakı olan qatarlara ciddi maddi zərər dəyir;
Maşinist qatarı təcili tormozlamaq məcburiyyətində qalır, bu da hərəkət cədvəlində kütləvi gecikmələrə gətirib çıxarır.

Aşkarlanmış bütün faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir hadisə üzrə müvafiq hüquqi araşdırmalar aparılıb. ADY-dən bildirilib ki, qatarlara daş atan şəxslərin böyük əksəriyyəti azyaşlılardır. Bu səbəbdən qurum valideynləri uşaqları ilə mütəmadi maarifləndirici söhbətlər aparmağa çağırır. Bir daha xatırladılır ki, dövlət əmlakı hesab edilən hərəkət tərkiblərinə daş atmaq və onların təhlükəsizliyinə təhdid yaratmaq cinayət məsuliyyəti daşıyır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁54