“Zəngilan genişmiqyaslı bərpa və quruculuq məkanına çevrilib”

20.10.2026

Milli Məclisin deputatı Könül Nurullayeva 20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə qələmə aldığı məqaləsində Zəngilanın azad edilməsi tarixindən və ötən dövr ərzində rayonda aparılan böyük bərpa-quruculuq işlərindən bəhs edib.

ELAZ.INFO xəbər verir ki, deputat altı il əvvəl – 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilanı işğaldan azad edərək Vətən müharibəsinin gedişində mühüm strateji uğura imza atdığını vurğulayıb. Bu qələbə Qubadlı istiqamətində irəliləyişə yol açmaqla yanaşı, ölkəmizin cənub-qərb sərhədləri boyunca nəzarətin bərpasında həlledici mərhələ olub. Könül Nurullayeva qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının ilk pilot layihəsi məhz Zəngilanın Ağalı kəndində həyata keçirilib:

Ağalı “Ağıllı Kənd”: 2022-ci ildə istifadəyə verilən layihə müasir texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin təşkili baxımından nümunəvi təcrübədir.
Şəhərə ilk qayıdış: 2026-cı ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı olub.
Məskunlaşma göstəriciləri: Zəngilan şəhərində 84, Ağalı kəndində 234, Məmmədbəyli kəndində isə 179 ailə artıq doğma yurdunda məskunlaşıb.

Məqalədə Zəngilanın geostrateji mövqeyinə diqqət çəkilərək, onun Şərqi Zəngəzurun əsas nəqliyyat-logistika qovşaqlarından birinə çevrildiyi bildirilir: “Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri rayonun strateji əhəmiyyətini daha da artırır. Zəngilan Zəngəzur dəhlizinə açılan qapı kimi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat və iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır.”

Deputat həmçinin işğal dövründə Oxçuçayın çirkləndirilməsi, Vejnəli qızıl yatağının talan edilməsi kimi ekoloji cinayətlərə toxunub, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidinin bərpası və tarixi-mədəni irsin dirçəldilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Baş plana əsasən, Zəngilan 2040-cı ilədək regionun ən müasir, ekoloji baxımdan dayanıqlı və gözəl şəhərlərindən birinə çevriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁26