“Salyanda Yaşayan Hər Bir Sakinin Problemi Mənim də Problemimdir”

Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov ELAZ.İNFO-nun regiondakı mövcud vəziyyət, əhalinin dolanışığı, infrastruktur, kənd məktəbləri və gündəmdə olan məsələlərlə bağlı suallarını cavablandırıb.
ELAZ.İNFO: Ruslan bəy, salam. Dəfələrlə Salyandakı abadlıq işlərindən danışmısınız. Amma bəzi müşahidəçilər deyir ki, bir partiya sədri kimi sanki yerli icra strukturlarının fəaliyyətinə bir az güzəştlə yanaşırsınız. Doğrudanmı Salyanda problemlər azalır, yoxsa tənqidi tonu bir az aşağı salmısınız?

Ruslan Məmmədov: (gülür) Siz jurnalistlər bu cavabı almasanız, bilirəm ki, əl çəkməyəcəksiniz! Amma samimi deyim, mənə partiyamızın başqanı cənab Razi Nurullayev etimad göstərib və təşkilatımızda keçirilən səsvermə, seçki nəticəsində bu vəzifəyə seçilmişəmsə, bu etimadı qazanmışamsa, mənim borcum da həm yaxşını, həm də pisi deməkdir! Mən oturduğum yerdə susa bilmərəm. Mənim vəzifə borcum elə budur – rayondakı real vəziyyəti, acınacaqlı problemləri həm başqanımıza, həm də aidiyyəti qurumlara çatdırmaq! Çünki bunu nəinki mən, bütün Salyan sakinləri hər gün öz həyatında görür.
Camaatın dolanışığına gəldikdə, sakinlər ailəsinə çörək aparmaq üçün bir yol axtarırlar. Biz yaxşı işləri də təqdir edirik, amma bu gün Salyanda problemlər az deyil və bunları deməsək, öz işimizə xəyanət etmiş olarıq.
ELAZ.İNFO: Ticarətdən söz düşmüşkən, Salyan küçələri bazara oxşayır buna fkriniz?
Bax, yenə aldadıcı sual verirsiniz! Əslində biz istəyərdik ki, hər bir vətəndaşımız rahat şəkildə öz malını çıxarsın, satsın, pulunu qazansın və dolansın. Amma dövlətimizin qoyduğu qayda-qanunlar var və biz bu qanunlara riayət etməyə borcluyuq. Biz necə qanunsuzluğu dəstəkləyə bilərik?
Məsələ burasındadır ki, bu gün Salyanda yerli camaatın rahat alver etməsi üçün böyük və şəraitli bir bazar yoxdur! Köhnə bazarın yerində gözəl bina tikilib, bəli, yaraşıqdır. Amma kiçik sahibkar harada alver etsin? İcarə haqqı baha, yerlər çatışmır… Nəticədə insanlar məcbur olub küçələrə axışırlar. İndi Salyanın mərkəzi küçələrindən tutmuş hər yer küçə alverinə çevrilib.
Hətta Salyan Avtovağzalını qeyd etmək istəyirəm – avtovağzal bu gün böyük bir antisanitar bazara çevrilib! Açıq havada ət, kolbasa, kütləvi balıq alveri gedir, meyvə-tərəvəz, hətta perojki və dönər satılır. Qidaların açıqda qalması səbəbindən ərazini arı bürüyüb, arı əlindən tərpənmək olmur! Bir dükancı çölə bir soyuducu qoyanda dərhal cərimə yazırlar, amma avtovağzaldakı bu biabırçı antisanitariyaya göz yumurlar.
ELAZ.İNFO:Ruslan bəy, sizdən bundan qabaq müsahibə alanda şəhərdə gedən infrastruktur və yolların çəkilişi barəsində gözəl fikirlər paylaşmışdınız. Amma indi gələndə yollarınız diqqətimizdən yayınmadı. Buna fikriniz necədir?
Siz jurnalistlər elə bilirsiniz ki, bir tək siz faktları görüb cavab almaq istəyirsiniz! Xeyr, biz vaxtilə rayon rəhbərliyinin su və kanalizasiya xətlərinin bərpasına başlamasını böyük alqışla qarşıladıq. Amma nədənsə bu işlər birdən-birə yarıda dayandı! İşlər dayanandan sonra isə yollarımız tamamilə bərbad hala düşdü.
Mərkəzi yollar kənd yollarına nəzarən bir təhər gediş-gəlişə imkan verir. Amma xüsusən Stansiya yolunu vurğulamaq istəyirəm. Orada yağış yağanda hərəkət etmək ümumiyyətlə imkansız olur. Stansiya sakinlərinin də verdiyi xəbərlərə görə – özüm də dəfələrlə şahid olmuşam – yağış yağanda taksilər Stansiya ərazisinə getməkdən imtina edirlər, heç bir sifarişi qəbul etmirlər. Camaat yollarda çətinlik çəkir.
ELAZ.İNFO: Ruslan bəy, son günlərdə ölkə gündəmini bürüyən bu hicab məsələsi Salyanda özünü necə göstərir?
Salyanda hicabla bağlı heç bir problem yoxdur. Hər kəs sərbəst şəkildə öz dini etiqadını irəli sürə bilir və yaşaya bilir.
Qaldı ki məktəblərə hicabla girib-girməməyə, bu, dövlətin qoyduğu qaydalar əsasında müəyyənləşir. Ümidvarıq ki, dövlətimiz heç bir qanunu, xüsusən də uşaqlarımız, gələcəyimiz olan uşaqların ziyanına qərar çıxartmaz. Deməli, hökumətimiz nəsə bilir ki, bunu da eləyir.
ELAZ.İNFO: Bəs məktəblər və təhsil infrastrukturu ilə bağlı nə deyə bilərsiniz?
Əlbəttə, rayonumuzda yeni məktəblərin bərpası və tikintisi var, bunu danmaq insafsızlıq olar. Amma kəndlərimizdə hələ də çox böyük, geniş təmirə ehtiyacı olan məktəblərimiz var.
Təəssüf ki, hələ də odunla qızdırılan, pəncərəsi olmayan, hətta qəzalı halda olan belə məktəblərimiz mövcuddur. Bizim gələcəyimiz olan uşaqlar soyuq siniflərdə dərs keçməməlidir. Bu kənd məktəblərinin təcili bərpa olunması vacibdir.
ELAZ.İNFO: Bəs gənclərin və uşaqların asudə vaxtı, mədəniyyət ocaqları necədir? Rayonda bu istiqamətdə hansı şərait var?
Bu da ən ağrılı yerlərimizdən biridir. Salyanda xüsusəndə kəndlərdə uşaqların, gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün, demək olar ki, heç bir şərait yoxdur!
Uşaqlar üçün müasir əyləncə mərkəzləri, intellektual inkişaf guşələri, gəzməli parklar yox dərəcəsindədir. Rayondakı Mədəniyyət evlərinə baxırsan – demək olar ki, hamısı istifadəsiz və fəaliyyətsiz qalıb, qapıları bağlıdır. Biz istəyirik ki, uşaqlarımız, gənclərimiz küçələrdə vaxt öldürməsinlər, intellektual məkanlara getsinlər, mədəniyyət evləri dərnəklərlə canlı olsun.
Bizim məqsədimiz kimisə yersiz qaralamaq deyil, rayonda olan real vəziyyəti cənab başqanımıza və aidiyyəti dövlət qurumlarına çatdırmaqdır ki, Salyanımız inkişaf etsin.
İlahə BAYANDIR




