TƏBİB və Səhiyyə Nazirliyi Yeni Klinikada tədbir keçirib

23.10.2026

Səhiyyə müəssisələrində xidmət keyfiyyətinin artırılması və infeksion risklərin minimuma endirilməsi müasir tibbin əsas prioritetlərindən biridir. Pasiyentlərin və tibbi heyətin təhlükəsizliyinin etibarlı təminatı isə birbaşa infeksion nəzarət mexanizmlərinin düzgün tətbiqindən asılıdır.

ELAZ.INFO xəbər verir ki, TƏBİB-in tabeliyindəki Yeni Klinikada “Beynəlxalq İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) Həftəsi – 2026” çərçivəsində geniş tərkibli tədbir təşkil olunub. Tədbirdə Səhiyyə Nazirliyinin, TƏBİB-in, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri, eləcə də müxtəlif tibb müəssisələrinin İPİN üzrə məsul şəxsləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva tibb müəssisələrində İPİN-in mühüm əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, bu istiqamətdə görülən işlər pasiyent və tibbi personalın təhlükəsizliyinin təmin olunmasında, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və infeksion risklərin minimuma endirilməsində müstəsna rol oynayır.

Məruzələr və çıxışlar zamanı tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi, pasiyent və tibb işçilərinin təhlükəsizliyi, antibiotik rezistentliyinin profilaktikası və beynəlxalq təcrübələrin tətbiqi məsələlərinə toxunulub. Həmçinin məhdud resurslar şəraitində infeksiyaların profilaktikası və nəzarəti, eləcə də tibbi müdaxilələr zamanı infeksion təhlükəsizlik mövzularında geniş təqdimatlar keçirilib. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁24