Kəndlərimiz Boşalır:Torpaq Qıtlığı və Gənclərin Paytaxt Axını

Salyan rayonunun zəngin ərazi və iqtisadi potensialı fonunda kənd gəncləri ciddi torpaq qıtlığı, mənzil şəraiti, daxili miqrasiya və məşğulluq problemləri ilə üz-üzə qalıblar.

ELAZ.İNFO xəbər verir ki, Salyan ərazi baxımından regionun lider rayonlarından biri olsa da, yerli gənclər yaşayış yeri və torpaq qıtlığından ciddi əziyyət çəkirlər. Rayondakı geniş torpaq sahələrinin bir çoxunun iş adamları tərəfindən sırf “yatırım” kimi özəlləşdirilərək istifadəsiz saxlanılması yeni ailə quran gənclər üçün ciddi maneəyə çevrilib. Nəticədə mənzil və iş imkanı tapmayan gənclər məcburi şəkildə Bakıya köç edirlər. Bu daxili miqrasiya bir tərəfdən kəndlərin demoqrafik baxımdan boşalmasına, digər tərəfdən isə paytaxtda həddindən artıq sıxlıq və ekoloji gərginliyin yaranmasına gətirib çıxarır.

MCP Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov Milli Məclisin deputatı, MCP başqanı Razi Nurullayevin parlament tribunasından dəfələrlə səsləndirdiyi bu fikirləri sitat gətirərək bildirib:

“Bu gün kənddə iş yerləri məhduddur, sosial-mədəni mühit zəifdir. Şəhərin ekoloji yükünü azaldan, ölkənin ərzaq təhlükəsizliyini təmin edən kənd sakini dövlət tərəfindən xüsusi dəstəklənməlidir. Kənddə daimi yaşayan ailələr üçün kommunal xərclərdə güzəştlər tətbiq edilməli, kənddə ev tikmək istəyən gənclərə güzəştli ipoteka və biznes qrantları verilməlidir…”

Ruslan Məmmədov vurğulayıb ki, partiyanın rayon təşkilatı hər zaman gənclərin yanındadır və yerlərdə onların haqlı iradlarını dinləyərək partiya iclaslarına daşıyır. Problemin həlli təkcə mənzil şəraitinin yaxşılaşdırılması ilə bitmir. Kəndlərdə illərdir yalnız sənəd üzərində fəaliyyət göstərən mədəniyyət evləri, klublar və uşaq bağçalarının real iş fəaliyyəti bərpa edilməlidir. Bu sosial obyektlərin canlandırılması həm kənd yerlərində yeni iş yerlərinin açılmasına, həm də gənclərin intellektual səviyyəsinin yüksəlməsinə və sosial mühitin dirçəldilməsinə xidmət edəcək.

Salyan rayonu timsalında Azərbaycan regionlarının mövcud sosial-iqtisadi mənzərəsini ortaya qoyur:

1.Torpaq Resurslarının Passiv Özəlləşdirilməsi: Torpaqların istifadəsiz saxlanılması yerli gənc ailələrin mənzil şəraitini çətinləşdirir və onları öz doğma torpaqlarından didərgin salır.

2.Paytaxta Aşırı Miqrasiya Təzyiqi: Kənd yerlərində sosial-mədəni infrastrukturun zəifliyi gəncləri Bakıya köçməyə vadar edir. Razi Nurullayevin kommunal güzəşt və güzəştli ipoteka təklifləri bu miqrasiya axınının qarşısını almaq üçün təsirli iqtisadi mexanizmdir.

3.Sosial İnfrastrukturun Dirçəldilməsi: Kağız üzərində qalan mədəniyyət və təhsil ocaqlarının bərpası regionlarda həm məşğulluğu təmin edəcək, həm də gənclərin intellektual potensialını artıracaq.

İlahə BAYANDIR

Bizi izləyin və paylaşın