Daxili işlər organları tərəfindən ölkə ərazisində cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, cinayətlərin önlənməsi və axtarışda olan şəxslərin tutulması istiqamətində növbəti genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
ELAZ.İNFO xəbər verir ki, keçirilən uğurlu əməliyyat-profilaktik tədbirlər nəticəsində 42 müxtəlif cinayətin isti izlərlə açılması təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılaraq istintaqa cəlb edilib.
məlumata görə, əməliyyatlar zamanı axtarışda olan ümumilikdə 126 şəxs tutulub ki, onların da 96-sını mülki-hüquqi öhdəliklərə görə borclu qismində axtarılanlar təşkil edir. Həmçinin, dələduzluq əməllərinə görə axtarışda olan 11 nəfər də ədalət mühakiməsinə təhvil verilib. Tədbirlər çərçivəsində itkin düşmüş kimi axtarılan 5 nəfərin yeri müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin edilib.
Qanunsuz dövriyyədə olan maddələr və silah-sursata qarşı mübarizə də diqqət mərkəzində saxlanılıb. Əməliyyatlar zamanı 16 narkotik vasitə, 9 qanunsuz silah-sursat faktı aşkarlanıb. Ümumilikdə 15 odlu silah (1 avtomat, 3 tapança və 11 tüfəng), 5 patron darağı, 1 mərmi və 3 patron qanunsuz dövriyyədən çıxarılaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
ELAZ.İNFO


