Bıçaqla Öz Ayağını Kəsən Ukraynalı Əsgərin Şok Hekayəsi

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Konstantin Vlasenko tam 491 gün ərzində Beton boruda təkbaşına müqavimət göstərərək hərb tarixinin ən inanılmaz qəhrəmanlıq dastanlarından birini yazıb.
ELAZ.INFO xəbər verir ki, Bıçaqla öz ayağını kəsməyə məcbur olan və hər iki ayağını itirən əsgər dünya hərb tarixində ilk dəfə olaraq pilotsuz uçuş aparatı (dron) vasitəsilə havadan canlı təxliyə edilib. Krivoy Roq şəhərindən olan Konstantin Vlasenko könüllü olaraq cəbhəyə yollanıb. O, “Vertun” adlı ərazidə – sığınacağa çevrilmiş beton drenaj borusunda döyüş yoldaşı ilə birgə mövqe tutub. Döyüş yoldaşı 50 illik yubileyində həlak olduqdan sonra Konstantin boruda tək qalıb.
Düşmən onun orada olduğunu bilərək səsgücləndirici vasitəsilə “Təslim ol, səninkilər səni xilas etməyəcək” mesajını yayımlasa da, Konstantin ratsiya vasitəsilə məşhur “Rusiya hərbi gəmisi, cəhənnəmə ol” cavabını verərək mövqeyini tərk etməyib. Düşmən PUA-larının zərbələri nəticəsində Konstantinin sol ayağı parçalanıb, sağ ayağı isə burxulub. Yaraların ağırlaşması və qanqrena nəticəsində sol ayağı çürüyərək qopub. Sağ ayağını isə özü kərpicin üzərinə qoyaraq bıçaqla kəsməyə məcbur olub:
“Gözlərimdən yaş axırdı… Amma kəsməli idim və kəsdim”, – deyə Konstantin bildirib. O, baş verənlərdən sonra komandirinə zarafatla müraciət edərək bildirib: “Təbrik edə bilərsiniz, artıq yastıayaqlılıq problemim və 45 ölçülü ayaqqabı dərdim yoxdur”.
Müharibənin dəhşətləri arasında həyatda qalmaq üçün o, həyat yoldaşının göndərdiyi Stiven Kinqin “Kənar şəxs” (The Outsider) kitabını oxuyub və qızı Xristinanı düşünərək mübarizə aparıb. 491 günlük müqavimətdən sonra Ukrayna Ordusu hərb tarixində görünməmiş təxliyə əməliyyatına imza atıb.
Ağır dron Konstantinin yanına enərək mühərriklərini söndürüb. Konstantin özünü və tüfəngini drona bərkidib, kameraya “OK” və ürək işarəsi göstərərək havaya qalxıb. Təxliyə zamanı digər PUA-lar onları havadan mühafizə edib, hətta düşmən mühafizə dronlarından birini vurub. Çayın üzərindən keçərək təhlükəsiz zonaya çatdırılan əsgər üzməyi bilmədiyi üçün yalnız suya düşməkdən qorxduğunu qeyd edib. Hazırda müalicəsi davam edən qəhrəman hərbçi özünü xüsusi biri hesab etmədiyini bildirib: “Birinci olmağı sevmirəm, ikinci olmağa üstünlük verərdim”.
Ruslan MƏMMƏDOV




