Azərbaycan çimərlik güləşində zirvəyə yüksəldi: Millidən tarixi nəticə


ELAZ.İNFO xəbər verir ki, Azərbaycan çimərlik güləşində tarixi uğura imza atıb. Milli komandamız Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsini komanda hesabında birinci başa vurub.
Azərbaycan yığması yarışda 90 xal toplayıb. Vüsal Əliyev, Əşrəf Aşırov və Camal Feyziyev öz çəki dərəcələrində qızıl medal qazanıblar. Rübail İbrahimli və Sahib Dadaşov isə bürünc medalla kifayətləniblər.
Azərbaycan üçün əsas uğurlardan biri Vüsal Əliyevin 80 kiloqram çəki dərəcəsində ikinci dəfə dünya çempionu olmasıdır. Çimərlik güləşində bu il debüt edən Əşrəf Aşırov da 90 kiloqramda dünya çempionu tituluna yiyələnib.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə çimərlik güləşi üzrə Dünya Seriyasının yekun komanda qalibi olub.
Komandanın baş məşqçisi Oyan Nəzərianinin də əməyi xüsusi qiymətləndirilib. Dünya Güləş Birliyinin Çimərlik Güləşi Komitəsi onu mövsümün ən yaxşı məşqçisi seçib.
Azərbaycan çimərlik güləşində beləliklə həm fərdi, həm də komanda hesabında mühüm nəticəyə imza atıb.
İslam MAHMUDOV





