Banqkokda fövqəladə vəziyyət: Şəhəri su basdı, dövlət qurumlarına istirahət günü verildi


ELAZ.İNFO xəbər verir ki, Taylandın paytaxtı Banqkok son günlərin güclü yağışlarının təsiri ilə ciddi daşqınla üzləşib. Küçələr su altında qalıb, nəqliyyatda problemlər yaranıb və şəhərin bəzi ərazilərində sakinlərin hərəkəti çətinləşib.
Reuters-in məlumatına görə, Tayland hökuməti Banqkok və ətrafındakı üç əyalətdə dövlət qulluqçuları üçün 28 və 29 sentyabr tarixlərini xüsusi istirahət günləri elan edib. Qərarın məqsədi daşqının yaratdığı nəqliyyat və təhlükəsizlik problemlərini azaltmaqdır.
Bundan əvvəl Banqkok fəlakətdən zərər çəkmiş ərazi elan edilmişdi. Şəhərə təxminən 48 saat ərzində 300 millimetrə yaxın yağıntının düşdüyü və bunun əsas yollarda genişmiqyaslı daşqınlara səbəb olduğu bildirilib.
Hərbçilər müvəqqəti sığınacaqların və ərzaq məntəqələrinin yaradılmasına cəlb olunub. Məktəblər də ehtiyacı olan insanlar üçün müvəqqəti yerləşdirmə məkanına çevrilib.
Son saatlarda bəzi ərazilərdə suyun səviyyəsinin aşağı düşdüyü bildirilsə də, şəhərin ayrı-ayrı hissələrində problem davam edir.
Banqkok üçün əsas məsələ indi yalnız suyun çəkilməsi deyil. Şəhər infrastrukturu, nəqliyyat və kanalizasiya sisteminin bu miqyasda yağıntılara davamlılığı da yenidən gündəmə gəlib.
İlahə BAYINDIR





