Ağciyər Xəstəlikləri Mərkəzinin 2 Saylı İxtisaslaşdırılmış Poliklinikası İstifadəyə Verilib

13.10.2026

Azərbaycanda əhalinin sağlamlığının etibarlı qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vərəm xəstəliyi ilə mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət tədbirləri uğurla davam etdirilir. Bu çərçivədə Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası əsaslı yenidənqurma işlərindən sonra tam müasir standartlara cavab verən səviyyədə vətəndaşların ixtiyarına verilib.

ELAZ.İNFO xəbər verir ki, tibb müəssisəsinin açılışından sonra TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov poliklinikada yaradılan şəraitlə yaxından tanış olublar. Rəsmilərə tibb ocağının texniki təchizatı və göstəriləcək xidmətlərin təşkili barədə ətraflı məlumat verilib.

Yeni istifadəyə verilən poliklinikanın əsas fəaliyyət istiqamətləri sağlam şəxslərdə vərəmə yoluxma riskinin vaxtında qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəmli xəstələrdə cərrahi müalicəyə zərurət yaranarkən çoxprofilli ixtisaslaşmış yardımın göstərilməsi, eləcə də müalicə prosesində ortaya çıxan çətinliklərin operativ aradan qaldırılmasından ibarətdir.

Müəssisədə əhaliyə yüksək səviyyəli xidmət göstərmək üçün pulmanoloq, ftiziatr, terapevt, pediatr, kardioloq, nevroloq, cərrah və digər peşəkar həkim-mütəxəssislər fəaliyyət göstərirlər. Eyni zamanda, uşaqlar arasında vərəm və digər tənəffüs sistemi xəstəliklərinin erkən mərhələdə aşkarlanması, müalicəsi və mütəmadi müşahidəsi məqsədilə xüsusi ixtisaslaşdırılmış şöbə də yaradılıb.

Poliklinika ən müasir diaqnostik avadanlıqlarla – rentgen və ultrasəs müayinə aparatları, spirometriya, bronxoskopiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, audiometriya cihazları, eləcə də qabaqcıl laborator-molekulyar-genetik analiz sistemləri ilə təchiz olunub ki, bu da xəstəliklərin dəqiq və vaxtında diaqnostikasına geniş imkan yaradır.

Tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən vətəndaşların funksional bərpası üçün fizioterapiya şöbəsi də fəaliyyət göstərir. Vərəm xəstələrinin ambulator müalicəsi və dispanser nəzarəti ilə yanaşı, müalicə rejiminə ciddi əməl olunmasını təmin etmək məqsədilə innovativ video nəzarətli terapiya imkanları da yaradılıb. Müasir infrastruktur və ixtisaslı kadr potensialı ilə təchiz olunmuş bu mərkəz ölkədə vərəmlə mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁25