Husilər Səudiyyə Ərəbistanının “Typhoon” Qırıcı Təyyarəsini Vurduqlarını Bəyan Etdilər

15.10.2026

Yəməndəki “Ənsar Allah” (husilər) qiyamçı hərəkatı Yəmənin şimal-qərbindəki Saada vilayətinin səmasında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcı təyyarəsini “yer-hava” tipli raketlə vurduqlarını iddia edib.

ELAZ.INFO xəbər verir ki, yayılan məlumata görə, bu barədə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya öz Telegram kanalında açıqlama verib. Yəhya Sariyanın sözlərinə görə, döyüş təyyarəsi Səudiyyə Ərəbistanının Ət-Taif şəhərindəki hərbi bazasından havalanıb:

“Silahlı qüvvələrimiz Ət-Taif bazasından havalanan Səudiyyə Ərəbistanına məxsus ‘Typhoon’ tipli hərbi təyyarəyə zərbə endirib. Təyyarə Saada vilayətinin hava məkanında ‘yer-hava’ tipli raketlə hədəfə alınıb. Birbaşa dəqiq zərbə qeydə alınıb, təyyarənin düşmə ehtimalı var”, — deyə Yəhya Sariya bildirib.

Rəsmi Ər-Riyad və ərəb koalisiyasının komandanlığı husilərin qırıcı təyyarənin vurulması ilə bağlı iddiasına hələlik heç bir rəsmi münasibət bildirməyib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁9