Avropa İttifaqından Rusiyaya Qarşı Anons Edilən Ən Böyük Sanksiya Paketi

13.10.2026

Lüksemburqda toplanan Avropa İttifaqının Xarici İşlər Şurası Rusiyaya qarşı bu günədək nəzərdə tutulmuş en böyük sanksiya paketini qəbul edib. Ümumilikdə 1569 fiziki və hüquqi şəxsi hədəf alan bu qərar Aİ-nin geosiyasi mövqeyində yeni mərhələ kimi qiymətləndirilir.

ELAZ.İNFO xəbər verir ki, qəbul edilən yeni məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə, eləcə də müharibənin maliyyələşdirilməsində rolu olan əsas strukturlara və şəxslərə yönəldilib. Sanksiya siyahısının genişləndirilməsi Aİ-nin Moskvaya qarşı iqtisadi və siyasi təzyiqləri artırmaq strategiyasının tərkib hissəsidir.

Lüksemburq görüşündə çıxış edən Latviyanın xarici işlər naziri Bayba Braje Ukraynaya dəstəyin kəskin şəkildə artırılmasının vacibliyini bəyan edib. Nazir Rusiya taxılının Aİ ərazisinə idxalının və tranzitinin tamamilə qadağan olunmasını tələb edərək, regional təhlükəsizlik xəttinin strateji əhəmiyyətini xüsusi vurğulayıb: “Bu, sadəcə Latviyanın sərhədi deyil – bu, Avropa İttifaqının və NATO-nun xarici sərhədidir”.

Sözügedən qərarlar və şərq sərhədlərində təhlükəsizlik rejiminin sərtləşdirilməsi Aİ-nin regional siyasətində, eləcə də qlobal logistika və ərzaq marşrutlarında ciddi dəyişikliklərə yol açacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁43