Kənd Yerlərində Çalışan 60-dan Çox Həkim Yeni Mənzillə Təmin Olunub


Rusiya Federasiyasının Buryatiya Respublikasında kənd yerlərinə köçən tibb işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən “Həkimlər üçün yüz ev” (Сто домов для врачей) layihəsi uğurla icra olunur. Proqram çərçivəsində regionda onlarla mütəxəssis yeni evlərlə təmin edilib.
ELAZ.İNFO xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb. Nazirlikdən bildirilib ki, rayonlarda kadr çatışmazlığının aradan qaldırılmasında güzəştli ipoteka ödənişlərinin kompensasiyası əsas amillərdən biridir: “Bu mexanizm sayəsində 68 tibb işçisi mənzil alıb və ya fərdi ev tikdirib. Bundan əlavə, Buryatiyanın 8 rayonunda 48 abad mənzildən ibarət xidməti evlər tikilərək kənd mütəxəssislərinin istifadəsinə verilib”. “Həkimlər üçün yüz ev” layihəsi kənd tibb müəssisələrində kadr böhranını həll etmək məqsədilə respublika parlamentinin deputatları tərəfindən 2021-ci ilin mayında qəbul edilən qanun əsasında hazırlanıb. Proqrama əsasən, həkimlər və orta tibb işçiləri mənzil əldə edir, onların ipoteka kreditləri isə respublika büdcəsindən ödənilir. Həmçinin “Zemski doktor” və “Zemski feldşer” proqramları çərçivəsində 2022–2025-ci illərdə kiçik yaşayış məntəqələrinə 326 zemski həkim və 108 orta tibb işçisi köçərək işə başlayıb. Kənd yerlərinə mütəxəssis cəlb etmək üçün Kjaxta, Qusinoozersk, Zakamensk monohəhərlərinə üz tutanlara, eləcə də xüsusi ilə defisit olan ixtisas sahiblərinə əlavə olaraq 1 milyon rubl məbləğində birdəfəlik ödənişlər verilir. Respublika üzrə bu tədbirlər nəticəsində 75 defisit ixtisaslı həkim və monohəhərlərə 55 həkim cəlb olunub. Həyata keçirilən kompleks islahatlar nəticəsində bölgədə həkimlərlə təminat hər 10 min nəfərə görə 33,3 nəfərdən 35,5 nəfərə, orta tibb işçiləri ilə təminat isə 83,7 nəfərdən 86,5 nəfərə qədər artıb.
Ruslan MƏMMƏDOV





