Orta Çəkidə Keçmiş Dünya Çempionu 59 Yaşında Vəfat Edib


Peşəkar boks tarixinin tanınmış simalarından biri, orta çəkidə sabiq dünya çempionu, argentinalı Xorxe Kastro 59 yaşında dünyasını dəyişib.
ELAZ.İNFO xəbər verir ki, bu barədə “Clarin” qəzeti məlumat yayıb. Məlumata görə, Kastro Buenos-Ayres vilayətinin Moron şəhərində yerləşən binqo zalında huşunu itirərək yıxılıb. Ölümünün dəqiq səbəbi hələlik rəsmi olaraq açıqlanmasa da, qəzetin məlumatına görə, o, diabetdən əziyyət çəkib və polis hesabatında huşunu itirdiyi an qanda insulin səviyyəsinin normadan kənarda olduğu qeyd edilib. 1967-ci ildə Kaleta-Oliviya şəhərində anadan olan Xorxe Kastro peşəkar rinqdə təsirli statistika ilə yadda qalıb: Ümumi döyüşlərin sayı: 144 Qələbələr: 130 (o cümlədən 90-ı nokautla) Məğlubiyyətlər: 11 Xorxe Kastro 1994-cü ilin avqustunda Reci Consonu məğlub edərək Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə orta çəkidə dünya çempionu titulunu qazanıb. O, həmin ilin dekabrında Con Deyvid Ceksona qarşı keçirdiyi əfsanəvi titul müdafiəsi ilə dünya şöhrəti qazanıb. Həmin gərgin qarşılaşma nüfuzlu The Ring jurnalı tərəfindən “İlin döyüşü” elan edilmişdi.
Ruslan MƏMMƏDOV





