Ağciyər xəstələri üçün mühüm xəbər: Dərman təminatı artırıldı


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda xroniki və kəskin ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslərin dərman təminatı genişləndirilir.
TƏBİB-dən verilən məlumata görə, 2026-cı ildə ağciyər xəstəliklərinin müalicəsində istifadə olunan dərman və tibbi enteral qida məhsullarının satınalma həcmi ötən illə müqayisədə orta hesabla 1,5 dəfə artırılıb.
Əgər 2025-ci ildə ümumilikdə 22 min 850 vahid dərman alınıbsa, bu il həmin göstərici 57 min 875-ə yüksəlib.
Siyahıya antibiotiklər, iltihabəleyhinə preparatlar, bronxları genişləndirən dərmanlar və digər tibbi vasitələrlə yanaşı, nadir xəstəliklərin müalicəsində istifadə olunan preparatlar da daxildir.
Xüsusilə kistoz fibroz xəstələrinin təminatına diqqət artırılıb. Hazırda ölkə üzrə 86 belə xəstə qeydiyyatdadır. Onlardan 77-si 18 yaşadək uşaqlardır.
TƏBİB bildirir ki, kistoz fibroz xəstələrinin dərman təminatı icbari tibbi sığorta çərçivəsində həyata keçirilir və müvafiq dərmanlarla yanaşı tibbi enteral qida məhsulları da dövlət təminatı hesabına verilir.
Bundan başqa, xəstəliyin erkən aşkarlanması üçün yeni doğulan uşaqlar arasında daban testi ilə skrininq də aparılır.
Günel GÜNTAC





