Xərçəngin aşkarlanmasında yeni mərhələ: Süni intellekt işə düşdü


ELAZ.İNFO xəbər verir ki, tibb və texnologiyanın kəsişməsində diqqətçəkən yenilik ortaya çıxıb. Çin alimləri qida borusu xərçənginin erkən aşkarlanmasına kömək edə biləcək süni intellekt modeli hazırlayıblar.
“Damo Eagle” adlandırılan model standart döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrini analiz edərək qida borusu xərçəngi riskini, xəstəliyin erkən mərhələlərini və xərçəngönü dəyişiklikləri müəyyən etməyə çalışır.
Modelin əsas üstünlüklərindən biri onun tətbiqi zamanı əlavə intubasiya və ya kontrast maddənin yeridilməsinin tələb olunmamasıdır.
Sınaqlar zamanı süni intellekt modelinin xərçəng hallarını müəyyənləşdirmə həssaslığı 90 faiz, spesifikliyi isə 99,2 faiz göstərib. Xərçəngönü dəyişikliklərin aşkarlanmasında həssaslıq 52,5 faiz olub. Model üç ölkədə 80 mindən çox tibbi hal üzərində sınaqdan keçirilib.
Mütəxəssislərin diqqətində olan əsas məsələ isə erkən diaqnostikadır. Çünki xəstəliyin daha erkən mərhələdə müəyyənləşdirilməsi müalicə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni texnologiyanın gələcəkdə klinik praktikada nə dərəcədə geniş tətbiq olunacağı isə əlavə araşdırmalar və tibbi qiymətləndirmələrdən sonra müəyyənləşəcək.
Günel GÜNTAC





