ABŞ qoşunları Almaniyadan çıxarılır?

NATO daxilində hərbi balansın dəyişməsinə səbəb ola biləcək kritik bir gəlişmə yaşanır. ABŞ Prezidenti Donald Trampın Almaniyadakı hərbi kontingentlə bağlı son bəyanatı Avropa təhlükəsizlik arxitekturasında yeni bir dövrün carçısı kimi qiymətləndirilir.

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Almaniya Federativ Respublikası (AFR) ərazisində yerləşdirilmiş hərbi kontingentin sayının azaldılması imkanlarını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. Tramp özünün “Truth Social” hesabında qeyd edib ki, qoşunların ixtisarı ilə bağlı yekun qərar yaxın gələcəkdə qəbul ediləcək. Bu addım Tramp administrasiyasının NATO müttəfiqlərindən, xüsusilə Almaniyadan müdafiə xərclərini artırmağı tələb etdiyi bir vaxta təsadüf edir.

Almaniya tərəfi ABŞ-ın ölkədəki hərbi bazalarından istifadəsinə məhdudiyyət qoymaq niyyətində olmadığını bildirsə də, Berlin hələ də nüvə çəkindirmə məsələsində ABŞ-dan asılı olduğunu etiraf edir. Almaniya XİN rəhbəri isə Avropanın ABŞ-ın “nüvə qalxanı” olmadan müdafiə qabiliyyətinin zəif olduğunu vurğulayıb.

Ekspertlərin fikrincə, ABŞ qoşunlarının Almaniyadan çıxarılması və ya sayının azaldılması NATO-nun şərq cinahında güc nisbətini dəyişə bilər. Bu qərar həm də bəzi hərbi hissələrin Polşa və ya digər müttəfiq ölkələrə köçürülməsi ehtimalını gündəmə gətirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights