ELAZ.İNFO xəbər verir ki, Türkiyənin ilk yerli və milli təyyarədaşıyan gəmisinin inşası ilə bağlı mühüm tarix açıqlanıb.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu TEKNOFEST Mavi Vatan tədbirində çıxışı zamanı bildirib ki, tikintisi davam edən Milli Təyyarədaşıyan Gəminin (MUGEM) 27 sentyabr 2027-ci il tarixində dənizə çıxarılması planlaşdırılır.
Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır da layihə ilə bağlı açıqlamasında ölkənin öz milli təyyarədaşıyan gəmisini hazırladığını və istehsal etdiyini bildirib.
Nazirin sözlərinə görə, layihə üzrə işlərin əsas məqsədi gəminin 2027-ci ilin sonuna qədər suya endirilməsidir.
60 min tonluq nəhəng platforma
MUGEM Türkiyənin hərbi gəmiqayırma sahəsində həyata keçirdiyi ən böyük layihələrdən biri hesab olunur.
Layihə üzrə açıqlanan göstəricilərə əsasən, gəminin uzunluğunun 285 metr, eninin isə 72 metr olması nəzərdə tutulur. Deplasmanının təxminən 60 min ton təşkil edəcəyi bildirilir.
Gəminin müxtəlif tipli hava vasitələrinin istifadəsi üçün nəzərdə tutulduğu açıqlanıb. Layihə üzrə platformada HÜRJET, KIZILELMA, ANKA-3 və Bayraktar TB3 kimi Türkiyənin yerli istehsal etdiyi hava vasitələrinin yerləşdirilməsi planlaşdırılır.
Məlumatlara görə, MUGEM-in ən azı 50 hava vasitəsi daşıya bilməsi nəzərdə tutulur.
Yerli hava hücumundan müdafiə sistemi də olacaq
Layihənin diqqətçəkən xüsusiyyətlərindən biri gəmidə yerli şaquli buraxılış sisteminin yerləşdirilməsi planıdır.
Açıqlanan məlumatlara əsasən, gəmidə 32 hüceyrəli şaquli atış sistemi quraşdırılacaq. Sistemin Türkiyənin “Hisar” və “Siper” kimi hava hücumundan müdafiə raketləri ilə inteqrasiyası nəzərdə tutulur.
Bu imkan MUGEM-in yalnız hava vasitələrinin daşınması deyil, eyni zamanda donanma tərkibində hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi baxımından da istifadə edilməsinə şərait yarada bilər.
Gəminin sürəti də açıqlanıb
MUGEM üçün nəzərdə tutulan hərəkət sisteminin dörd LM2500 qaz turbininə əsaslanan COGAG arxitekturasından ibarət olacağı bildirilir.
Layihə üzrə gəminin maksimal sürətinin 25 düyünə, yəni təxminən 46 km/saata çatması nəzərdə tutulur.
Türkiyə tərəfinin açıqlamalarına görə, MUGEM layihəsi ölkənin milli müdafiə sənayesində dəniz platformalarının hazırlanması istiqamətində mühüm mərhələlərdən biridir.
Gəminin 2027-ci ildə dənizə çıxarılması Türkiyənin hərbi dəniz qüvvələrinin imkanlarının genişləndirilməsi baxımından regionda diqqət çəkən hadisələrdən biri olacaq.
İlahə BAYINDIR


