İlham Əliyev və Şavkat Mirziyoyev Buxarada “Ark” qalası ilə tanış olublar

İlham Əliyev və Şavkat Mirziyoyev Buxarada “Ark” qalası ilə tanış olublar

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva ilə birlikdə Buxara şəhərinin tarixi məkanlarından biri olan “Ark” qalasında olublar.

Səfər avqustun 24-də baş tutub. Dövlət başçıları və ailə üzvləri Buxaranın qədim tarixini özündə yaşadan qala kompleksi ilə tanış olublar.

Tarixi mənbələrə əsasən, “Ark” qalasının əsası eramızdan əvvəl IV əsrdə qoyulub. Əsrlər ərzində müxtəlif dəyişikliklərə məruz qalan qala bu gün tanınan memarlıq görünüşünün əsas hissəsini XVII–XVIII əsrlərdə əldə edib.

Qala uzun müddət Buxara hökmdarlarının mühüm iqamətgahlarından biri olub. XX əsrin əvvəllərində isə hökmdarların qış iqamətgahı kimi istifadə edilib.

Tarixi kompleks təxminən 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə baş vermiş hadisələr zamanı dağılıb.

“Ark” qalasının tarixində daha bir mühüm mərhələ 1947-ci ildən başlayıb. Həmin ildən etibarən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Bu gün tarixi abidə Buxaranın ən mühüm turizm məkanlarından biri olmaqla yanaşı, şəhərin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunəsi kimi qorunur.

Azərbaycan və Özbəkistan prezidentlərinin Buxarada tarixi məkanla tanışlığı iki ölkə arasında dövlət səfəri çərçivəsində keçirilən tədbirlər sırasında baş tutub.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın