İsrailin 18 avqustda Suriyanın Əbu əl-Duhur aviabazasına endirdiyi zərbə İsrail–Türkiyə münasibətlərindəki gərginliyi diplomatik ritorikadan real hərbi qarşıdurma riskinə yakınlaşdırıb. ABŞ isə həm İsrail, həm də Türkiyə ilə müttəfiqlik münasibətlərini nəzərə alaraq, İsrail, Türkiyə və Suriya arasında dekonflikt mexanizmi yaratmağa çalışır.
ELAZ.İNFO xəbər verir ki, politoloq Vüqar Dadaşov məsələ ilə bağlı geniş təhlil təqdim edib. Ekspert bir məqamı xatırladır ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və Əhməd əl-Şaranın hakimiyyətə gətirilməsi məhz Türkiyə və ABŞ-ın birgə fəaliyyəti nəticəsində baş tutub. İsrail–Türkiyə gərginliyinin əsas səbəbini nə Türkiyənin Suriyadakı hərbi-siyasi mövcudluğu, nə də Qəzza–Fələstin məsələləri ilə izah etmək kifayət deyil. Sadalananlar gərginliyi artıran faktorlar olsa da, əsas məsələ Türkiyənin Yaxın Şərqdə regional güc və əsas siyasi aktor kimi mövqeyinin möhkəmlənməsi, bunun isə İsrailin regiondakı uzunmüddətli strateji Böyük İsrail planlarının həyata keçirilməsi qarşısında maneə yaratmasıdır.
İsrail–Türkiyə gərginliyinin ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonrakı mərhələdə baş verməsi əlaqəli proses və ssenari qənaətini ortaya çıxarır. Müharibədən əvvəl versiyalardan biri ondan ibarət idi ki, ABŞ və İsrail İranı əsaslı zəiflətməklə kifayətləndikdən sonra Türkiyə ilə qarşıdurma növbəti strateji mərhələ ola bilər. Hazırkı proseslər həmin versiyanın müəyyən elementlərinin real geosiyasi proses olduğuna işarə edir.
Türkiyənin yeni Suriya hökumətinin siyasi-hərbi bütövlüyünü, ölkəni vahid dövlət kimi və mərkəzi hakimiyyətin gücləndirilməsini dəstəkləməsi İsrailin təkcə Suriyada deyil, bütövlükdə Yaxın Şərqdə hərbi və strateji manevr imkanlarını məhdudlaşdırır. Vahid Suriya dövlətinin formalaşması İsrailin uzunmüddətli regional hesablamaları qarşısında əsas maneələrdən birinə çevrilir.
İranın hərbi imkanlarının zəiflədilməsi İsrail üçün rəqibin neytrallaşdırılması kimi qiymətləndirilirsə, Türkiyənin regional çəkisinin artması Ankara faktorunu önə çıxarır. İsrailin İran üzərində üstünlük əldə etməsindən sonra Türkiyəyə qarşı daha sərt addımlar atması bunun dolayı göstəricisidir.
aşinqton və Ankara nəinki Suriyanın, ümumiyyətlə, regionun gələcəyi ilə bağlı mühüm məsələlərdə koordinasiyalı fəaliyyət göstərir. Keçmiş baş nazir Naftali Bennett Türkiyənin İsrail üçün yeni strateji təhlükə kimi nəzərdən keçirilməsini gündəmə gətirib. Bu yanaşma Türkiyənin müstəqil və çoxvektorlu siyasətinin Təl-Əviv tərəfindən strateji problem kimi qəbul edilməsinin göstəricisidir.
İsrail–Türkiyə gərginliyinin artması İran üzərindəki təzyiqin bir hissəsini başqa istiqamətə yönəldir. İranda hakimiyyətin faktiki SEPAH-ın əlində cəmlənməsi və ABŞ-la gizli danışıqlar versiyaları daxili siyasi Transformation əlamətləri kimi regional mərhələyə birbaşa təsir edir.
Türkiyə ilə birbaşa hərbi qarşıdurma İsrail üçün son dərəcə risklidir. Keçmiş baş nazir Ehud Barakın vurğuladığı kimi, “Türkiyə İran və ya Bəşər Əsədin Suriyası deyil” və Ankara ilə münasibətləri gərginləşdirmək məsuliyyətsizlikdir. Rusiya general-leytenantı Apti Alaudinov da İsrailin öz hərbi imkanlarını həddən artıq qiymətləndirməsinin onun dövlət kimi mövcudluğuna təhlükə yarada biləcəyini qeyd edib.
Türkiyənin NATO üzvlüyü, güclü ordusu, inkişaf etmiş müdafiə sənayesi, “Məkkə sazişi” çərçivəsində nüvə dövləti olan Pakistanla strateji əlaqələri, Azərbaycanla müttəfiqliyi və Böyük Britaniya ilə strateji münasibətləri hərbi balansı kökündən dəyişir. Bu səbəbdən tərəflər arasında açıq müharibə ehtimalı aşağı qiymətləndirilsə də, Suriya üzərindən məhdud hava zərbələri və dolayı təzyiqlər daha real ssenari hesab olunur.
Məqalənin müəllifi: Vüqar DADAŞOV
Hazırladı: Ruslan MƏMMƏDOV


