BRİKS ölkələri üzv dövlətlərin iqtisadiyyatları üçün tələb olunan elmi həllərin tapılması məqsədilə birgə elmi-tədqiqat müsabiqələri proqramını genişləndirmək üzərində işləyir.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Hindistanda keçirilən BRİKS ölkələrinin elm, texnologiya və innovasiya nazirlərinin iclasında iştirak edən Rusiya Elm və Ali Təhsil nazirinin müavini Konstantin Mogilevski açıqlamasında bildirib. Əvvəllər layihə müraciətinin baxılması üçün ən azı 3 ölkənin iştirakı tələb olunurdusa, yeni qaydalara əsasən tərəfdaşların sayını 5 və daha çox ölkəyə çatdırmaq imkanı yaradılıb. Bu da layihələrin elmi əhəmiyyətini və maliyyələşmə həcmini artıracaq. 2016-cı ildən bəri hər il təşkil edilən elmi-texnoloji təşəbbüs bu il 10 illiyini qeyd edir. Proqramın katibliyi funksiyasını yarandığı gündən bəri Rusiya Federasiyası həyata keçirir. İndiyədək proqram çərçivəsində 157 elmi layihə reallaşdırılıb. Bu il həmçinin tətbiqi işləmələrə və texnologiyaların kommersiyalaşdırılmasına yönəlmiş ilk flaqman layihələri müsabiqəsi işə salınıb.
Ruslan MƏMMƏDOV


