Milli Məclisdə qanunvericilik paketi müzakirə olunur

Milli Məclisdə qanunvericilik paketi müzakirə olunur

Gündəlikdə nəqliyyat, vergi və dövlət rüsumları ilə bağlı dəyişikliklər var

ELAZ.İNFO  xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında ölkənin müxtəlif sahələrini əhatə edən geniş qanunvericilik paketi müzakirəyə çıxarılıb.

İclasın gündəliyinə nəqliyyat, gömrük, vergi, dövlət rüsumları, dövlət satınalmaları, tibbi sığorta, torpaq münasibətləri və digər istiqamətlərlə bağlı qanun layihələri daxil edilib. Deputatlar həmçinin bir sıra beynəlxalq sənədlərin təsdiqi ilə əlaqədar məsələlərə də baxırlar.

Müzakirə olunan layihələr arasında “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Gömrük tarifi haqqında”, “Vergi Məcəlləsi”, “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklər, eləcə də İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr yer alır.

Bundan başqa, kənd təsərrüfatı və ətraf mühit sahəsini əhatə edən “Balıqçılıq haqqında”“Toxumçuluq haqqında” yeni qanun layihələri də parlamentin müzakirəsinə təqdim olunub.

Hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin təsdiqi məsələsi də iclasın gündəliyindədir.

Qanun layihələrinin müzakirəsi başa çatdıqdan sonra qəbul edilən qərarlar və təsdiqlənən dəyişikliklərlə bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək.

ELAZ.İNFO Milli Məclisin iclasında qəbul ediləcək qərarları və qanunvericilikdə baş verən yenilikləri operativ şəkildə oxucularına təqdim etməyə davam edəcək.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın