1970-ci ildə SSRİ-nin keçirdiyi gizli sınaq və Bakı fəhlələrinin dürüstlük rekordu

1970-ci ildə SSRİ-nin keçirdiyi gizli sınaq və Bakı fəhlələrinin dürüstlük rekordu

Sovet ittifaqı dövründə insan psixologiyası və “sovet vətəndaşının dürüstlüyü” prinsiplərini yoxlamaq məqsədilə zaman-zaman maraqlı və gizli sosial eksperimentlər keçirilirdi. Tarix elmləri doktoru, alim Zaur Əliyevin üzə çıxardığı növbəti tarixi fakt 1970-ci illərin Bakı fəhlələrinin yüksək mənəviyyatını və dürüstlüyünü bir daha sübut edir.

ELAZ.İNFO xəbər verir ki, 1970-ci ildə Sovet rəhbərliyi Moskva, Kiyev, Bakı və Minsk şəhərlərində fəhlə sinfi üzərində “Sınaq subyektləri” adlı xüsusi eksperiment aparmaq qərarına gəlir. Eksperimentin mahiyyəti olduqca sadə, lakin düşündürücü idi: fabriklərin yeməkxanalarında kassirlər işdən çıxarılır və onların əvəzinə ödəniş üçün adi bir podnos (tepsi) qoyulur. Yeməyə gələn hər bir fəhlə yediyi yeməyin pulunu öz vicdanına uyğun olaraq həmin podnosa qoymalı, ehtiyac olduqda isə qoyulmuş xırda pullardan öz qalığını götürməli idi.

Bir ay üçün nəzərdə tutulan təcrübənin ilk günlərində Moskva, Kiyev və Minskdə gözlənilməz uğursuzluq yaşanır; gəlir gündən-günə kəskin şəkildə azalır, podnoslar boş qalır. Eksperiment müəllifləri ideologiyanın iflasa uğradığını düşünüb məyus olduqları anda Bakıdan gələn hesabat hamını şoka salır. Ayın son günündə Bakıdakı fabrik yeməkxanasındakı podnosda nəinki gündəlik qazanc, həm də bütün ayın zərərini örtən və ondan qat-qat artıq olan böyük bir məbləğ toplanır. Dövlət səviyyəsində aparılan araşdırma zamanı məlum olur ki, həmin gün fabrikdə maaş günü olub. Bakılı fəhlələr ay ərzində pulları olmadığı üçün qeyd dəftəri aparılmadan “nisyə” yedikləri hər bir qəpiyin dəyərini maaş alan kimi qətiyyən mənimsəmədən, artıqlaması ilə podnosa geri qaytarıblar. Sınaq bitdikdən sonra Moskvaya təqdim edilən rəsmi hesabatda sovet məkanında ən dürüst və etibarlı insanların azərbaycanlılar olduğu rəsmən qeyd edilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın