Beynəlxalq münasibətlər çərçivəsində elə səfərlər olur ki, onların əhəmiyyəti imzalanan sənədlərin sayı ilə deyil, verdiyi siyasi mesajların miqyası ilə qiymətləndirilir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana son səfəri də məhz bu kontekstdə nəzərdən keçirilməlidir. İlk baxışdan enerji, nəqliyyat və regional əməkdaşlıq gündəliyi ilə müşayiət olunan bu səfər, əslində, kollektiv Avropanın Güney Qafqaza baxışında yeni mərhələnin başlandığını göstərən siyasi hadisə kimi qiymətləndirilməlidir.
Son 5-6 ildə Avropa İttifaqının xarici siyasət prioritetlərində əhəmiyyətli transformasiya baş verir və proses bu gün də davam edir. Əgər bir neçə il əvvələ qədər Avropa ittifaqının Azərbaycanla münasibətlərində demokratiya, insan hüquqları və qanunun aliliyi məsələləri üstünlük təşkil edirdisə, daha sonra enerji təhlükəsizliyi ön plana çıxırdısa, indi bu münasibətlərə daha geniş geosiyasi və geoiqtisadi məsələlər çərçivəsində baxılır. Bu gün nəqliyyat dəhlizləri, rəqəmsal bağlantılar, yaşıl enerji, regional inteqrasiya və sülhün iqtisadi əsaslarının yaradılması Avropa İttifaqının bütövlükdə Güney Qafqaza, xüsusilə də Azərbaycana yönəlik siyasi strategiyasının üstün istiqamətini təşkil edir.
Avropa İttifaqının xarici siyasət prioritetlərindəki bu transformasiyanı təsadüfi saymaq olmaz; bu transformasiya müasir beynəlxalq münasibətlər sistemində yaranmış yeni geosiyasi və geoiqtisadi reallıqlarların tələblərindən irəli gəlir. Müasir dünyada beynəlxalq siyasət yeni geosiyasi və geoiqtisadi mərhələyə daxil olub. Son bir neçə ildə qlobal və regional geosiyasi və hərbi qarşıdurmalar, xüsusilə, Rusiya – Ukrayna müharibəsi, Yaxın və Orta Şərqdə davam edən silahlı qarşıdurmalar, böyük dövlətlər arasında geosiyasi rəqabətin açıq mübarizəyə keçməsi bütövlükdə Avropaya göstərdi ki, enerji təhlükəsizliyinə yalnız iqtisadi məsələ kimi baxmaq olmaz.
Ənənəvi strateji marşrutlarda yaşanan gərginlik, Çin və Uzaq Şərq ölkələri ilə Avropa arasında yükdaşımaların mühüm hissəsinin keçdiyi şimal marşrutunun – Rusiya üzərindən keçən dəhlizin təhlükəsizliyi üçün yaranan risklər, Hürmüz boğazı ətrafında bu gün də davam edən gərginlik göstərdi ki, logistika və nəqliyyat xətləri artıq iqtisadi əhəmiyyət daşımaqdan çıxararaq müasir geosiyasi rəqabətin və mübarizənin əsas vasitələrindən birinə çevrilib. Başqa sözlə, bu gün qlobal siyasətin əsas gündəliyini artıq ideoloji, siyasi və hərbi qarşıdurmalar deyil, təbii resurslar, enerji, logistika və kommunikasiya imkanları müəyyən edir.
XX əsrin sonlarına qədər qlobal təhlükəsizlik əsasən siyasi və hərbi ittifaqlar vasitəsilə təmin olunurdusa, XXI əsrdən başlayaraq bu yanaşmanın artıq kifayət qədər səmərəli və etibarlı olmadığı aydın oldu. Bu gün qlobal təhlükəsizlik və sabitlik daha çox enerji xətləri, dəmir yolları, limanlar, elektrik şəbəkələri və rəqəmsal infrastrukturlar üzərindən formalaşır.
Məşhur amerikalı strateq Edvard Lütvakın XXI əsrdə dövlətlər arasında rəqabətin getdikcə hərbi müstəvidən iqtisadi və logistika müstəvisinə keçəcəyi barədə hələ keçən əsrin sonlarında verdiyi proqnoz bu gün öz təsdiqini tapmaqdadır. Belə ki, artıq qaz kəmərləri, elektrik xətləri, dəmir yolları, limanlar və rəqəmsal kommunikasiya şəbəkələri ağır hərbi silahlardan heç də az əhəmiyyət daşımır. Dövlətlərin beynəlxalq çəkisi onların hərbi üstünlüyündən daha çox sadalanan infrastrukturlardakı rolundan və mümkün imkanlarından birbaşa asılı olur.
Belə bir şəraitdə Avropanın təhlükəsizliyi konsepsiyasının kökündən dəyişdirilməsi, Avropa İttifaqının alternativ nəqliyyat, kommunikasiya və logistika xətlərinin inkişafına daha çox diqqət ayırması təbii olaraq müasir geosiyasi rəqabət və mübarizə baxımından həyati əhəmiyyət kəsb edir. Buna görə də bütövlükdə Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları Avropa İttifaqı üçün siyasi və iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edib. Buna görə də bütövlükdə Avrasiya məkanı dünya siyasətinin əsas mərkəzlərindən birinə, Xəzər dənizi hövzəsi və Güney Qafqaz isə obyektiv olaraq qlobal təhlükəsizlik və iqtisadiyyat baxımından mühüm strateji əhəmiyyət daşıyan regiona çevirilib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və bu səfər çərçivəsində Bakıdan verilən mesajları da məhz bu kontekstdə qiymətləndirmək daha məqsədəuyğun olar.
Bu səfərdə diqqət çəkən əsas məqamlardan biri odur ki, Avropa İttifaqı Azərbaycana artıq yalnız etibarlı enerji tərəfdaşı kimi deyil, Avropa ilə Mərkəzi Asiya və Uzaq Şərq arasında strateji bağlantını təmin edən dövlət kimi baxır. Səfər zamanı “Peace through Connectivity” (bağlantılarla sülh) təşəbbüsünün elan olunması, “Global Gateway” (“Qlobal Keçid”) proqramı vasitəsilə nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinə yeni maliyyə dəstəyinin nəzərdə tutulması göstərir ki, Avropa İttifaqı Güney Qafqaza yönəlik regional siyasətini klassik diplomatiyadan daha çox iqtisadi inteqrasiya və bağlantılar üzərində qurmağa çalışır.
Azərbaycan dövləti də son iyirmi ildə məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirib. Enerji layihələrinin şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, Xəzər dənizinin tranzit imkanlarının genişləndirilməsi və regional əməkdaşlıq mexanizmlərinin qurulması təsadüfi qərarlar deyildi. Bu gün həmin strategiyanın siyasi dividendləri aydın görünür.
Əgər iyirmi il əvvəl Azərbaycanın əsas üstünlüyü karbohidrogen ehtiyatları hesab olunurdusa, bu gün ölkənin ən böyük üstünlüyü onun geostrateji mövqeyidir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Bu mövqe uzun illər ərzində məqsədyönlü dövlət siyasəti nəticəsində yaradılmış enerji, nəqliyyat və logistika infrastrukturu ilə tamamlanıb.
Bu gün Avropa üçün Azərbaycan yalnız təbii neft və qaz ixrac edən ölkə deyil, həm də Xəzər hövzəsinin, Mərkəzi Asiyanın və Türk dünyasının, Çin və Uzaq Şərqin Avropa ilə əlaqələrini təmin edən mühüm geosiyasi platformadır. Bu, Azərbaycanın beynəlxalq rolunun keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Diqqətəlayiq başqa bir məqam isə Ursula fon der Lyayenin Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha vurğulamasıdır. O, enerji əməkdaşlığının hələ də münasibətlərin əsas sütunlarından biri olduğunu qeyd etsə də, çıxışının məzmunu göstərirdi ki, Brüssel artıq əməkdaşlığı təkcə enerji tədarükü ilə məhdudlaşdırmır. Yaşıl enerji, nəqliyyat, rəqəmsal əlaqələr və regional sabitlik eyni strateji paketdə təqdim olunur.
Azərbaycan son illərdə öz xarici siyasətini çoxtərəfli əməkdaşlıq modeli üzərində qurub. Avropa İttifaqı, türk dövlətləri, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla paralel münasibətlərin inkişaf etdirilməsi Bakıya dəyişən geosiyasi şəraitdə daha geniş manevr imkanları qazandırıb. Ursula fon der Lyayenin səfəri göstərir ki, Avropa İttifaqı da bu reallığı qəbul edir və Azərbaycanı regionda mühüm strateji tərəfdaş kimi qiymətləndirir.
Bu səfər göstərdi ki, Avropa İttifaqı ilk dəfə olaraq Güney Qafqazı yalnız münaqişə məkanı kimi deyil, Avropa ilə Asiya arasında yeni iqtisadi məkanın formalaşdığı region hesab edir. Bu yanaşma Azərbaycanın beynəlxalq rolunu da keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Bununla yanaşı, səfər Avropa İttifaqının region siyasətində balans yaratmaq cəhdinin də göstəricisi kimi də qiymətləndirilə biər. Bakıda regional bağlantılar və əməkdaşlıq gündəmi, ardınca isə İrəvanda iqtisadi dəstək və Avropa bazarına çıxışla bağlı mesajlar Avropa İttifaqının Qafqazda uzunmüddətli iştirakını gücləndirmək niyyətini nümayiş etdirir. Bu isə o deməkdir ki, region artıq yalnız qonşuluq siyasətinin deyil, Avropa təhlükəsizlik və geoiqtisadi strategiyasının da ayrılmaz hissəsinə çevrilir.
Bütün bunlar fonunda Azərbaycan üçün əsas vəzifə yaranan imkanlardan maksimum səmərə ilə istifadə etməkdir. Artan geosiyasi əhəmiyyət üstünlüklərlə yanaşı, əlavə məsuliyyət də yaradır. Etibarlı tərəfdaş imicinin qorunması, nəqliyyat və enerji layihələrinin davamlı inkişafı, regional əməkdaşlığın genişləndirilməsi və balanslaşdırılmış xarici siyasətin davam etdirilməsi, daxili siyasətdə Avropa İttifaqının elan etdiyi dəyərlərə yönəlik islahatlar Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirə bilər.
Nəticə etibarilə, Ursula fon der Lyayenin Bakı və İrəvana səfəri Avropa İttifaqının Güney Qafqaza baxışında yeni geosiyasi mərhələnin konturlarını ortaya qoydu. Azərbaycanın bu yeni mərhələdə rolu isə artıq yalnız enerji ixrac edən ölkə olmaqdan xeyli genişdir. O, Avropa ilə Asiyanı birləşdirən geoiqtisadi məkanın əsas aktorlardan birinə çevrilməkdədir.
Tarix göstərir ki, beynəlxalq siyasətdə dövlətlərin əhəmiyyəti təkcə malik olduqları resurslarla deyil, dəyişən geosiyasi reallıqları nə dərəcədə düzgün oxuya və onları milli maraqlara uyğun strateji üstünlüyə çevirə bilmələri ilə müəyyən olunur. Ursula fon der Lyayenin Bakı səfəri bir daha göstərdi ki, Azərbaycan artıq bu yeni geosiyasi rəqabətin passiv müşahidəçisi deyil, onun formalaşdığı mərkəzi platformalardan birində aktiv oyunçudur.
Qulamhüseyn ƏLİBƏYLİ
Politoloq


