ELAZ.İNFO xəbər verir ki, son dövrlərdə bank kartlarının bloklanması ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş, xüsusilə də gənclər, internetdə təklif olunan “asan qazanc” vədlərinə inanaraq bilmədən qanunsuz maliyyə əməliyyatlarının iştirakçısına çevrilirlər.
Mütəxəssislər bildirirlər ki, əvvəlcə bank kartlarının istifadəsi məhdudlaşdırılır. Vətəndaşlar banka müraciət etdikdə isə onlara izah olunur ki, kartın bloklanması hüquq-mühafizə orqanlarının təqdimatı əsasında şübhəli maliyyə əməliyyatları ilə əlaqədar həyata keçirilib.
Araşdırmalar zamanı məlum olur ki, həmin şəxslərin əksəriyyəti müxtəlif internet platformalarında, xüsusilə də Telegram kanalları və qruplarında yayılan iş elanlarına inanaraq öz bank kartlarından istifadə edilməsinə razılıq veriblər. Onlara kartlarına pul köçürüləcəyi, daha sonra həmin vəsaiti başqa bank hesablarına və ya kartlara göndərmələrinin tələb olunduğu, bunun müqabilində isə əməkhaqqı və ya komissiya veriləcəyi bildirilib.
Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu cür əməliyyatlar şəxsin bilmədən çirkli pulların leqallaşdırılması və digər maliyyə cinayətlərində vasitəçi kimi istifadə olunmasına səbəb ola bilər.
Belə hallarda bank hesabları bloklana, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıla bilər. “Mən bilmirdim” arqumenti isə hüquqi məsuliyyəti aradan qaldırmır.
Bank kartınızı qorumaq üçün bunlara diqqət edin
- İşə qəbul zamanı mütləq rəsmi müqavilə bağlanmasını tələb edin.
- Əmək fəaliyyəti yalnız əmək müqaviləsi əsasında həyata keçirilməlidir.
- Şəxsi bank kartınızı tanımadığınız şəxslərin və ya şirkətlərin istifadəsinə verməyin.
- Kartınıza daxil olan vəsaiti başqalarının göstərişi ilə müxtəlif hesablara köçürməyin.
- “Asan qazanc”, “Sadə iş”, “Yalnız köçürmə et” kimi təkliflərə etibar etməyin.
- İş təklifi edən şəxs və ya şirkətin hüquqi statusunu və etibarlılığını əvvəlcədən araşdırın.
- Şübhəli vəziyyətlərlə qarşılaşdığınız halda əməkdaşlığı dərhal dayandırın və zərurət yaranarsa aidiyyəti dövlət qurumlarına məlumat verin.
Mütəxəssislərdən çağırış
Ekspertlər bildirirlər ki, bir neçə dəqiqəlik qazanc əldə etmək istəyi gələcəkdə bank hesablarının bloklanmasına, ciddi hüquqi məsuliyyətə və böyük maddi itkilərə səbəb ola bilər. Xüsusilə gənclərə internetdə yayılan şübhəli iş elanlarına qarşı diqqətli olmaq tövsiyə edilir.
ELAZ.İNFO oxucularını bu mühüm xəbərdarlığı yaxınları ilə bölüşməyə çağırır. Məlumatlı olmaq bəzən insanı həm hüquqi problemlərdən, həm də maddi zərərlərdən qoruya bilər.
İlahə BAYINDIR


