Misirin qədim Qiza piramidalarının füsunkar mənzərəsi altında boks tarixinin ən maraqlı və gərgin döyüşlərindən biri baş tutub. Ukraynalı superağır çəkili dünya çempionu Aleksandr Usik, hər kəsin asan qələbə gözlədiyi, lakin rinqdə əsl kabusa çevrilən məşhur kikboksçu Riko Verhuvenlə qarşılaşıb.
ELAZ.İNFO xəbər verir ki, dramatik anlarla yadda qalan 12 raundluq qarşılaşma Usikin vaxtından əvvəl – 11-ci raundda qazandığı texniki nokautla başa çatıb. Bununla da ukraynalı bəbir WBC, IBF və WBA (Super) dünya çempionluq kəmərlərini uğurla müdafiə edib.
Döyüş azarkeşlərin və ekspertlərin proqnozlaşdırdığından qat-qat ağır keçib. Hollandiyalı Riko Verhuven boks rinqində cəmi ikinci döyüşünə çıxmasına baxmayaraq, fiziki üstünlüyündən maksimum istifadə edərək Usikə böyük çətinliklər yaradıb. Qabaritcə daha böyük olan Verhuven ilk raundlardan etibarən yüksək templə irəli atılıb və çempionu daimi təzyiq altında saxlayıb. Kontratakalarla xal toplamağa çalışan Usik, rəqibin bu aqressiv və aktiv hücum dalğasını uzun müddət sındıra bilməyib. Döyüş dayandırılan ana qədər vəziyyət həqiqətən də kritik olub. Belə ki, iki hakimin xal vərəqəsində bərabərlik (95:95), üçüncü hakimdə isə hətta Verhuvenin üstünlüyü (96:94) qeydə alınıb.
Yalnız qarşılaşmanın sonlarına doğru Aleksandr Usikin yüksək boks ustalığı özünü büruzə verməyə başlayıb. 10-cu raundu təmiz qazanan Usik, 11-ci raundda rəqibini nokdauna salıb. Verhuven ayağa qalxaraq döyüşü davam etdirsə də, ukraynalının ardıcıl və dağıdıcı zərbələrindən sonra referi hollandiyalının müdafiə oluna bilmədiyini görüb və döyüşü dayandırıb. Maraqlıdır ki, bu qərar 11-ci raundun bitməsinə cəmi 1 saniyə qalmış verilib.
Bu qələbə 39 yaşlı Usikə karyerasında WBA kəmərini 6-cı, WBC-ni 3-cü, IBF-i isə ilk dəfə qorumaq imkanı verib. O, 25 döyüşün hamısında qalib gəlməklə hələ də məğlubedilməzliyini qoruyur. Kikboks təşkilatı “Glory”də 2013-cü ildən bəri çempionluğu əlində saxlayan və 14 titullu döyüş qalibi olan 37 yaşlı Verhuven isə boks rinqində ilk məğlubiyyətini dadıb.
Hollandiyanın “Panorama” nəşrinin yaydığı məlumata görə, bu tarixi şou maliyyə baxımından da böyük səs küyə səbəb olub: qalib gələn Aleksandr Usik bu döyüşdən 100 milyon dollar, məğlub Riko Verhuven ise 15 milyon dollar qazanc əldə edib.
Ruslan MƏMMƏDOV
