Azərbaycan diplomatik korpusuna ağır itki üz verib. Ölkəmizin İran İslam Respublikasındakı diplomatik nümayəndəliyinin mühüm rəsmisi xidməti vəzifəsini yerinə yetirərkən qəzaya uğrayıb.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsul vəzifəsində çalışan Ramil Rza oğlu İmranov avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb. XİN-in bəyanatında faciənin baş verdiyi dəqiq ərazi və şərait qeyd olunub:
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsul vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”.
Xarici İşlər Nazirliyi və diplomatik korpusun əməkdaşları mərhum diplomatın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Hadisənin dəqiq səbəblərinin araşdırılması istiqamətində müvafiq işlər aparılır.
Ruslan MƏMMƏDOV
