Suraxanı rayonu 84 nömrəli tam orta məktəbdə və Nərimanov rayonu 193 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici-profilaktik tədbirlər keçirilib.
ELAZ.İNFO xəbər verir ki, tədbirlərdə Polis Akademiyasının əməkdaşları çıxış edərək “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzularında məktəblilərə ətraflı məlumat veriblər. Çıxışlarda ölkəmizdə narkotik cinayətkarlığının sosial mənfi təzahürləri, bu halların yaranma səbəbləri, törədilmə üsulları, eləcə də digər zərərli vərdişlərin insan həyatına və cəmiyyətə vurduğu zərərlərdən bəhs olunub.
Bununla yanaşı, yetkinlik yaşına çatmayanlar tərəfindən hüquqazidd əməllərin törədilməsinin qarşısının alınması məqsədilə yeniyetmələrin sağlam həyat tərzinə üstünlük verməsinin, təhsilə və elmə yönəlməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbir zamanı məktəblilərlə interaktiv müzakirələr aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib və zərərli vərdişlərin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu mənfi təsirlər barədə geniş izahlar verilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərlə xatirə fotoşəkilləri çəkilib. Maarifləndirici görüşlər həm məktəblilər, həm də məktəb rəhbərliyi tərəfindən maraqla qarşılanıb.
