Qəbul planlarının əmək bazarındakı real tələbatı nəzərə alınaraq müəyyənləşdirilməlidir

Qəbul planlarının əmək bazarındakı real tələbatı nəzərə alınaraq müəyyənləşdirilməlidir

ELAZ.İNFO xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi avqustun 19-da başa çatıb.

Məlumata görə, ali məktəblərə qəbul üçün 81 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib.

Bu il də ixtisas qrupları üzrə müraciətlərdə ən yüksək göstəricilərdən biri III ixtisas qrupunun payına düşüb. Abituriyentlər arasında ixtisas seçimi zamanı əsas müzakirə mövzularından biri isə plan yerlərinin sayı olub.

Bəzi abituriyentlər mövcud plan yerlərinin onların ali məktəbə qəbul imkanlarını məhdudlaşdırdığını düşünürlər. Təhsil ekspertləri də qəbul planlarının əmək bazarındakı real tələbat nəzərə alınmaqla müəyyənləşdirilməsinin vacibliyini vurğulayırlar.

Təhsil eksperti İlham Əhmədov hesab edir ki, son illərdə ali məktəblərə müraciət edənlərin sayında artım plan yerlərindəki artımı əhəmiyyətli dərəcədə üstələyir.

Ekspertin fikrincə, qəbul planlarının hazırlanması zamanı yalnız mövcud göstəricilər deyil, gələcək əmək bazarının istiqamətləri də nəzərə alınmalıdır.

İlham Əhmədov bildirib ki, xüsusilə süni intellekt və avtomatlaşdırmanın sürətlə inkişaf etdiyi indiki dövrdə bir sıra peşələrin gələcəkdə öz aktuallığını itirməsi mümkündür. Bu baxımdan həm abituriyentlərin ixtisas seçiminə istiqamətləndirilməsi, həm də ali məktəblərdə plan yerlərinin müəyyənləşdirilməsi zamanı əmək bazarının gələcək tələblərinin proqnozlaşdırılması vacibdir.

Ekspertin sözlərinə görə, qəbul planlarının əmək bazarının perspektivləri ilə uzlaşdırılması həm ali təhsil alan gənclərin gələcək məşğulluğu, həm də ölkənin kadr potensialının düzgün formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın