Qubadlılar Qədili, Xəlfəli, Eyvazlı, Dəmirçili, Dondarlı, Ulaşlı, Qiyaslı, Pir Qazan və bir çox türk tirələri kimi Bəydili Oğuz boyuna daxil idilər. Boz Ox Oğuzlarına daxil olan Bəydili boyu igid və döyüşkən süvariləri ilə ün qazanmışdır.
Qubadlı – təbiətin və tarixin qovuşduğu qədim yurd yeridir. Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qubadlı rayonu qədim türk boylarının ulu məskənlərindən olan Zəngəzur mahalının qapısı sayılır. Bərgüşad və Həkəri çayları hövzəsində yerləşən Qubadlı rayonu, füsunkar təbiəti ilə yanaşı, ən qədim mədəniyyət ocaqlarından biridir.
Qədim və etibarlı tarixi mənbələr, eləcə də arxiv sənədləri, elmi-etnoqrafik araşdırmalar və maddi-mədəniyyət nümunələri sübut edir ki, Azərbaycanın digər ərazilərində olduğu kimi Qubadlıda da əsrlər boyu qədim türk boyları davamlı olaraq yaşamış və zəngin mədəni irs yaratmışlar. Qubadlı adı necə meydana gəlmişdir və ya tarixin hansı dövründən etibarən bu qədim diyar Qubadlı adlandırılmışdır? Qubadlılar Oğuz türklərinin qədim boylarından biri olan Bəydili boyuna mənsubdur.
XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarlının “Divanü Lüğat-it-Türk” əsərində 22 Oğuz boyundan biri kimi adı çəkilmiş Bəydili boyunun tamğası bu cür təsvir edilmişdir. Həmin tamğanın birinci hissəsi qartal onqonunun (müqəddəs quşun), ikinci hissəsi isə elat çadırının simgəsidir.
Onqon (və ya onqun) qədim türk boylarında geniş yayılmış Tenqri (Tanrı) inans sistemində və şamançılıqda bir boyun və ya nəslin müqəddəs hesab etdiyi, özünə mənəvi əcdad və ya qoruyucu ruh saydığı heyvan, quş və ya inanc obyektdidir. Bu sözün mənası isə qədim türkcədə “onmaq” (sağalmaq, yaxşı olmaq) felinə dayanır və “uğur simgəsi, qoruyucu ruh” deməkdir. Hər bir Oğuz boyunun özünəməxsus quş onqonu var idi.
Qədim türklərin dini inancına görə bu müqəddəs quşlar boyu bəlalardan qoruyur, onlara güc və uğur verirdi. Onqon bir tabu idi. Buna görə də hər bir türk bilirdi ki, öz boyunun tamğası olan onqon quşunu ovlamaq, ətini yemək və ya ona zərər vurmaq qəti qadağandır. Bəydili boyunun onqonu kərkinək qızılquşudur. Kərkinək çalağan qızılquş növündən olan yırtıcı quş olub bir çox mənbələrdə bəhri də adlanmışdır. Bu quş yerli əhali arasında Ala doğan adı ilə də məşhur idi. Aşağıda Bəydili Oğuz boyunun döyüşçüsü öz boyunun onqonu qızılquş ilə təsvir olunmuşdur.


P.S. Bir qubadlı olaraq həmişə demişəm, yenə də deyirəm qədim Oğuz Bəydili yurdu olan Qubadlı mütləq öz qədim yerində inşa edilməlidir, əlbəttə bu bərpa və qayıdış prosesi müəyyən səbəblərdən uzadıla bilər, amma Qubadlının inşa edilməsi çox vacibdir. Son dövrlərdə öz doğulduğu rayonun və ya kəndin tarixini bilməyən bisavadların paylaşımlarını görüb yalnız təssüflənmək olar.
Qubadlı adı 200 il əvvəl xəritələrdə yaşayış məntəqəsi kimi qeyd ediləndə, ətrafındakı müasir rayon mərkəzlərinin heç birinin adı bu xəritələrdə yox idi. Sovet dövründə də Şərqi Zəngəzurda ilk qəza Qubatlı qəzası idi, sonradan isə onun adını “Qırmızı Kürdüstan” qondarma adı ilə əvəz etdilər. Daha sonra isə Qubadlının kəndlərinin bir çoxu yeni yaradılmış Zəngilan və Laçın rayonlarına verildi. Zəngilan rayonu əslində Qubadlı ərazisində yaradıldı, daha dəqiq desək Zəngilan Qubadlının cənub-qərb hissəsi idi. 1823-cü ildə Tiflisdə tərtib olunmuş Qafqaz diyarının xəritəsində Qarabağ xanlığının Zəngəzur mahalında Qubad adlı yaşayış məntəqəsinə diqqət edək, həmçinin 1829, 1832, 1834, 1835 və digər illərə aid onlarla xəritədə Qubad və ya Qubadlı adları qeyd edilir. Zəngəzurun şərq hissəsində əsas tarixi mərkəz Qubadlı olub həmişə.
Ramin ƏLİZADƏ
